Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Təhsil Nazirliyi tərəfindən bu tədris ilində ümumtəhsil müəssisələrinin pedaqoji və inzibati-idarə heyəti üçün beş istiqamət üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bunlar "Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş təlim", "Təlim keçmiş müəllim və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili", "Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə təlim", "Təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə təlim", "Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimləri" olacaq: "Təcrübə göstərir ki, peşəkarlıq səviyyələrini davamlı olaraq təkmilləşdirən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərin nailiyyətləri daha yüksəkdir. Bu baxımdan pedaqoji heyət üçün İKT-nin təhsilə tətbiqi üzrə peşəkarlıq səviyyəsinin artırılması istiqamətində keçirilən təlimlərin böyük əhəmiyyəti var".
Nazirlikdən qeyd edilib ki, keçirilən təlimlərin nəticəsində müəllimlərin və inzibati idarəetmə heyətinin nəzəri və praktik bacarıqları artır, həmçinin informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişləri formalaşır: "Bu isə öz növbəsində müəllimə səmərəli öyrənmə mühitinin qurulmasına şərait yaradır. Təlim ərzində müəllim mənimsədiyi nəzəri bilik və praktik bacarıqları tədris prosesində səmərəli şəkildə məqsədyönlü olaraq tətbiq edir. Müəllim təhsil müəssisələrində mövcud olan müasir texnologiyaların imkanlarından istifadə edir, tədris prosesinin şagirdlərin maraqlarına uyğun qurulmasını təmin edir".