...

Bakı Şəhər Halqasının loqosu təqdim olunub

Cəmiyyət Materials 30 Oktyabr 2015 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

2016-cı ildə ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakı Şəhər Halqasının (Baku City Circuit) loqosu ictimaiyyətə təqdim olunub.

Dünya miqyaslı Brandia brend agentliyi tərəfindən hazırlanan loqotipin ana fikri başlıca olaraq dörd elementdən ilhamlanıb.
Birincisi, yarış üçün mükəmməl düşünülmüş Bakı Şəhər Halqasının təcəssümü. Bakı Şəhər Halqası, İçəri Şəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən unikal bir trek kimi nəzərdə tutulub.

20 müxtəlif çətinlikli döngələri, dar keçidləri və ən maraqlısı - 2.2 km sahilboyu hissədə 340 km/saat sürətə çatmağa imkan verən sürət hissəsi ilə Bakı Şəhər Halqası, cari Formula 1 təqvimində ən sürətli şəhər treki fenomeninə imza atacaq. Oturaq tamaşaçı yerləri və ayaqüstü tribunaları ilə toplam 30 000 canlı tamaşaçıya eyni anda xidmət edən bu idman məkanı, yarış zamanı 500 milyondan çox qlobal televiziya izləyicisinin diqqət mərkəzində olacaq.

İkincisi, unikal motoidman mədəniyyətinin yeni brendin fəlsəfəsində təzahürü diqqəti çəkir. Belə ki, sürəti, zənginliyi, innovasiya ilə yanaşı çoxillik ənənəni simvolizə edən Formula 1 motoidman yarışı loqoda parlaq şəkildə öz ifadəsini tapıb.

Bundan əlavə, yeni loqonun modern üslubda seçilmiş tərzi və qırmızı, gümüşü, ağ rəngləri dünya səviyyəsində yarışların sadiq azarkeş kütləsinə və potensial gənc avtomobil sevərlərə ünvanlanıb. Bənövşəyi rəng isə Bakı Şəhər Halqasını digər qran prilər arasında fərqləndirən vacib ünsürlərdən biri olacaq.

Nəhayət, keçmişlə müasirliyin, qərblə şərq sivilizasiyanın birləşdiyi paytaxt Bakı şəhəri. Bakının tarixi irsi, keçdiyi sürətli inkişaf yolu, qonaqpərvərlik ənənəsi və müasir biznes imkanları - bütün bunlar şəhər treki brendinin ana xəttində yer alıb. Loqonun konsepti Azərbaycan milli xalçaçılığında qədim dövrlərdən bugünədək əks olunan alov, su və külək naxışlarının vəhdətindən qaynaqlanıb.

Xatırladaq ki, gələn ilin yayında Bakı Şəhər Halqasında gerçəkləşəcək olan Avropa Qran Prisinin loqosu isə bu ilin dekabr ayında yekun Formula 1 təqvimi açıqlandıqdan sonra işıq üzü görəcək.

Bakı Şəhər Halqası haqqında

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri (rəsmi olaraq Baku Grand Prix MMC) və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti