Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Bu gün Şəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərində yeni su təchizatı sistemlərinin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən "Birləşmiş Sukanal" MMC direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə digər rayonların içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcək.
Şəmkir rayonunun Hacıalılar kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 500-dək sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi bulaqlar seçilib. Bulaqlardan götürülmüş suyun istehlakçılara çatdırılması məqsədilə hər birinin tutumu 30 kubmetr olan 4 ədəd anbar tikilib, nasos stansiyası və transformator quraşdırılıb. Bununla yanaşı, 500 metr magistral, 750 metr kəndarası su xətləri çəkilib, kəndin müxtəlif yerlərində 3 ədəd bulaq quraşdırılıb. Gələcəkdə bulaqların sayının artırılması nəzərdə tutulub.
Qeyd edək ki, indiyə qədər Hacıalılar kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada uzaq məsafədə yerləşən bulaqlardan gətirirdi.
Şəmkir rayonunun Düzqışlaq kəndinin dəmiryol stansiyası ərazisində 60 kubmetrlik su çəni və paylayıcı şəbəkə olsa da, əhalinin su təminatında problemlər yaşanırdı. Yeni subartezian quyusunun qazılmasından sonra 600 nəfər əhalisi olan kəndin dayanıqlı su təchizatı təmin edilib.