...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 6 Noyabr 2015 13:26 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əli Həsənov yazır: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri və TRASEKA hər iki ölkənin əməkdaşlıq etdiyi transmilli layihələrdir. ... Xəzərin dibinin bölünməsinə dair ikitərəfli saziş, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci il mayın 24-də Bakıya rəsmi səfəri zamanı imzalanan "Strateji əməkdaşlıq və tərəfdaşlıq haqda " saziş xüsusi əhəmiyyət daşıyır. Bundan başqa tərəflər arasında azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrə dair saziş imzalanmışdır". (Bax. s. 446-447)
Özbəkistan. Əhalisi 29 ...... milyondan artıq, ərazisi isə 447.4 min kv. metr sahəsi olan Özbəkistan regionda ən strateji əhəmiyyətli ölkə sayılır. Bu ölkə özünün təbii ehtiyatlarına görə dünyada öncül sıralarda yer alır, belə ki, neft, qaz, qızıl və kömür ehtiyatları ilə zəngin olan bu dövlətin əsas enerji ehtiyatı qazdır.

Çıxarılan qazın həcminə görə Özbəkistan dünyada 8-ci yeri, qızıl ehtiyatlarına görə isə 4-cü yeri tutur. Mis və uran ehtiyatlarına görə isə müvafiq olaraq 10 və 7-ci yerdə yerləşir. Eyni zamanda Özbəkistan Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ölkədən 10 nəqliyyat dəhlizi keçir. ABŞ politoloqu Zbiqnev Bjezinskinin fikrincə, "hazırda ABŞ-ın Mərkəzi Asiyada diqqətini cəlb edən iki əsas ölkə var. Bunlardan biri dinamik inkişaf edən Qazaxıstan, digəri isə regionda strateji önəm daşıyan Özbəkistandır," Orta Asiyada Özbəkistan yeganə ölkədir ki, İrana qarşı dayanır və ABŞ-da bu faktdan yararlanmağa çalışır. Rəsmi Daşkənd belə düşünür ki, İranın regionda güclənməsi avtomatik olaraq burada fars-tacik mədəniyyəti və milliyətçiliyin güclənməsinə gətirib çıxaracaq. İranın təsiri altında olan azsaylı etnik qruplaşmalar separatizmə meyllənəcəklər.

Bu günün özündə də İslam Kərimovla İmoməli Rəhman arasında soyuqluğun səbəbi Tacikistan tərəfinin Buxara və Səmərqənd şəhərlərini özünün əzəli torpaqları elan etməsidir. Bunu Düşənbə tərəfi gizlətmir və açıqca söyləyir ki, bu şəhərlər Samani dövləti mövcud olanda (900-999) taciklərə tabe idi (qeyd edək ki, Samani dövlətinin rəsmi dili tacik dili olub və müasir ədəbi fars dilinin əsasını onlar yaradıblar) və indi də geri qaytarılmalıdır. Əslində buna istəkmi deyək, tələbmi deyək, amma heç bir məntiqə sığmır. Belə çıxır ki, indi Avrasiyanın yarısını Monqolustana, yaxud Əmir Teymurun kötükcələrinə, yaxud da Osmanlıların və ya qızılbaşların sahib olduqları milyonlarla kv. kilometr əraziləri geri qaytarmaq lazımdır.

Əslində belə iddia Özbəkistana qarşı ya Rusiya, ya da İran, bəzən isə hər ikisi tərəfindən siyasi təzyiq vasitəsidir, bir növ xəbərdarlıq mesajıdır, yəni özünü düz aparmasan, bu təzyiq silahı işə düşə bilər". Məhz buna görə özünü müstəqil elan etdiyi gündən bu günə qədər Özbəkistan-İran münasibətləri gərgin olaraq qalır.

Müəllif öz kitabında qeyd edir ki, 2005-ci ilin mayında Əndicanda baş vermiş qanlı hadisələrdən sonra ABŞ-ın tutduğu mövqe Özbəkistan rəhbərliyini öz xarici siyasi kursu və istiqamətini dəyişməyə vadar etdi. Nəticədə, Özbəkistan nümayiş- karcasına GUÖAM-ı tərk etdi, ardınca ərazisindəki ABŞ hərbi bazasını ölkədən çıxardı, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına qoşuldu, daha sonra isə MDB Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzvlüyünü bərpa etdi. Bütün bunlar ABŞ-ın ümumilikdə Mərkəzi Asiyadakı mövqelərinə böyük zərbə oldu.

Özbəkistan Respublikasının Azərbaycanla münasibəti haqqında Əli Həsənov yazır: "2004-cü ilin 23-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına rəsmi səfər etmişdi. Səfər zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında "Bəyannamə"də daxil olmaqla altı mühüm dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır... bir daha bəyan edilib ki, dövlətlərin regional və beynəlxalq məsələlərə dair mövqeləri üst-üstə düşür. ... Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də Azərbaycanı tam qane edir..." (Bax. s. 451-452)

Türkmənistan. Özünü bölgənin geosiyasi münasibətlərində "bitərəf" elan edən bu ölkə yuxarıda qeyd etdiyimiz kimi ziddiyyətləri ilə fəqrlənir. Bu ziddiyyətlər Azərbaycanla münasibətdə, hətta elçisinin geri çağırılması və səfirliyinin bağlanmasına qədər inkişaf etdi. Qapalı və təcrid olunmuş şəkildə fəaliyyət göstərməsinə baxmayaraq, zəngin karbohidrogen yataqlarının, mövcud olması səbəbindən daxildə aparılan dövlət siyasəti Qərb dövlətləri tərəfindən müqavimət ilə qarşılanmır. Yalnız, hakimiyyət dəyişikliyindən və ölkə prezidenti Q. Berdiməhəmmədov olduqdan sonra, Türkmənistan özünün təkcə neft və qaz ehtiyatlarından deyil, digər geosiyasi və geoməkan üstünlüklərindən istifadə etmək qərarına gəldi. Məsələn, indiki zamanda Türkmənistan nəhəng dövlətlərlə- Rusiya, İran, Türkiyə, Çin, Pakistan, ABŞ, və başqaları transmilli layihələri birgə həyata keçirməkdə maraqlı görünür və bu sahədə fəallığını xeyli artırıb.
"Xəzər dənizində ən yaxşı qonşu hesab olunan, milli, regional və transmilli layihələrdə maraqları Azərbaycanla üst-üstə düşən Türkmənistanla münasibətlərə rəsmi Bakı çox ciddi maraq göstərir və yəqin ki, yaxın illərdə bu istiqamət xarici siyasətdə prioritet olaraq qalacaqdır". (Bax. s. 454)

Qeyd edək ki, qarşılıqlı olaraq 2008-ci il mayın 19-20-də Türkmənistan prezidentinin Azərbaycana səfəri və elə həmin il noyabr ayının 28-29-da isə Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfərin nəticələri ondan xəbər verir ki, bu iki dövlət arasında ərazi mübahisələrinin (söhbət Xəzər dənizindəki neft yatağının istismarından gedir) olmasına baxmayaraq, iki dövlət arasında münasibətlərin inkişafında hər iki tərəf maraqlı görünür.

Qırğızıstan. Ərazisinin 80% dağlıq ərazisi olan bu ölkənin dənizə çıxışı yoxdur. Əvəzində bu regionda Tyanşan, Talas, Qırğız, Türküstan dağları yerləşir. O yeganə ölkədir ki, Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına üzvdür. Qırğızıstan qonşu dövlətlərlə (Qazaxıstan, Tacikistan, Özbəkistan və Çin) yanaşı ABŞ, Türkiyə, Almaniya, Rusiya, İsveçrə və s. dövlətlərlə ticarət əlaqələri yaradıb və bu sahədə əməkdaşlıq edir. Belə ki, Qırğızıstanda əlvan metallar- mis, molibden, qızıl, civə, dəmir filizi, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.

"Orta Asiya regionunda Azərbaycanın Qırğızıstanla dövlətlərarası əlaqələri nisbətən ardıcıl inkişaf yolu keçmişdir. ...Dövlət başçılarının səfərləri çərçivəsində qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, 14 sənəd, o cümlədən "Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq Müqaviləsi" imzalanmışdır. (Bax. s. 456)
Qeyd edək ki, Qərbin bu ölkəyə də ixrac etdiyi "narıncı inqilab" layihəsi bu ölkədə baş vermiş və bunun nəticəsində proseslər tez-tez hakimiyyət dəyişikliyi ilə müşahidə olunurdu. Qırğızıstan bu səbəbdən də ölkəsini səfalət halına sala biləcək "inqilab"lardan qurtulmaq üçün son zamanlar daha çox Qərblə deyil, MDB məkanında Rusiya və etnik kökə söykənən Türkiyə və türkdilli dövlətlərlə əməkdaşlığa meyllidir.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti