Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə imzalanıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, müqaviləni Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar.
Milli Onkologiya Mərkəzi ilə MD Anderson Xərçəng Mərkəzi arasında imzalanan müqaviləyə görə, azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində müalicə-profilaktika proseslərində iştirak edəcəklər. Müqavilə Milli Onkologiya Mərkəzinə həmin hədəflər üzrə MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə və onkologiya sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.
Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı - Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi Amerika Birləşmiş Ştatlarının üç ən böyük onkologiya mərkəzindən biridir. Bu elmi müəssisə, həm də xərçəng xəstəliklərinin müalicəsi və tədqiqi üzrə çox böyük mərkəzdir. Mərkəz ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir.
2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi "U.S. News & World Report" jurnalında dərc olunmuş "Ən yaxşı xəstəxana" araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub. MD Anderson Mərkəzi təkcə ABŞ-ın deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.