Bakı. Trend:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətində gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrinin və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən "Karyerada ilk addım" devizi altında Turizm Universitetində aktiv məşğulluq tədbiri keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrdən biri də gənclərin məşğulluğunun artırılmasıdır. Bununla bağlı olaraq, Xidmət tərəfindən həyata keçirilən aktiv məşğuluq tədbirlərində gənclərin iştirakına xüsusi önəm verilir.
Xidmət rəisi diqqətə çatdırıb ki, təkcə cari ilin 9 ayında məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41 faizini (9235 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 75,4 faizini (2094 nəfər), Əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilənlərin 45 faizini (1389 nəfər) məhz gənclər təşkil edib. Həmçinin bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik üçün peşəyönümü məsləhətlərinin verildiyi bildirilib. "Karyerada ilk addım" devizi altında keçirilən bu tədbirlərin də əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışına şərait yaradılması məqsədinə yönəldiyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə tədbirlərin əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclərimiz üçün xüsusi önəmini vurğulayıb. O bu aktiv məşğulluq tədbirinin universitetin tələbə və məzunlarının əmək bazarında iştirak imkanlarına yiyələnmələrində mühüm rol oynayacağına və onların uğurlu karyeralarının başlanğıcı ola biləcəyinə əminliyini ifadə edib.
Aktiv məşğulluq tədbirində 55-i özəl, 4-ü dövlət sektoruna aid ümumilikdə 59 müəssisə tərəfindən 262 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Boş iş yeri təqdim edilən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edərək, mövcud əmək bazarı və əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumatlanıblar. Onlar gələcəkdə işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. Tədbir işəgötürənlər üçün də faydalı olub və onlar gələcəkdə bu və ya digər ixtisaslar üzrə işə qəbul edəcəkləri kadrların seçimini aparmaq imkanı qazanıblar. Təklif olunan boş iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya boş vaxtları ərzində Əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb.
Cari ildə Dövlət Məşğulluq Xidməti 6 ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirib. Bu tədbirlərdə 254 nəfər gəncə boş iş yerlərinə göndəriş verilib, 1447 nəfər tələbə və məzundan CV-lər qəbul olunub. Respublikamızın ali təhsil ocaqlarında "Karyerada ilk addım" devizi altında tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək.