...

"Günəşli"dəki yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Dekabr 2015 16:20 (UTC +04:00)
"Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".
"Günəşli"dəki yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının aradan qaldırılması üçün xarici mütəxəssislər cəlb edilib. Onlar artıq 10-cu özüldə, platformanın üzərindədirlər.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, qeyd edib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir: "Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".

B.Ağarəhimov əlavə edib ki, bu gün səhərdən indiyədək aparılan axtarışlar zamanı yanğın nəticəsində itkin düşən neftçilərdən heç birinin cəsədi aşkarlanmayıb: "Yanğın isə ilk gündəkinə nisbətən xeyli zəifləyib".

Onun sözlərinə görə, sabah havaların soyuması ilə əlaqədar olaraq, vertolyotla axtarış işlərinin aparılmasına FHN qərar verəcək: "Gəmilərlə axtarış işləri küləyin sürətindən asılı olaraq müvəqqəti dayandırılacaq, sonra yenidən davam etdiriləcək. Güclü külək səbəbindən qadağan olunan işlər görülməyəcək, qalan işlər isə davam etdiriləcək".

Baş mühəndis qeyd edib ki, hadisə nəticəsində sağ qalanlar SOCAR-ın işçiləridir: "Həmin şəxslərin işləyib-işləməsi onların özlərinin səlahiyyəti daxilindədir. Ölən şəxslərin ailələrinə bütün maddi təminat göstəriləcək. O ailələrə kifayət qədər normal məbləğdə vəsait ödəniləcək. Bu həmin işçilərin iş stajından, ailə vəziyyətindən və əməkhaqqının məbləğindən asılı olacaq".

B.Ağatəhimov deyib ki, platformada hadisə baş verən gün bütün işlər dayandırılmışdı: "Həmin gün bizim əməkdaşlarımız iş yerində olmadığından partlayış zamanı heç kim xəsarət almayıb. Əks halda, onlar ağır xəsarət ala bilərdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti