Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda sahibkarlar yeni iş yerlərinin sayını artırmalı və bunun üçün əlavə tədbirlər görməlidirlər.
Bunu Trend-ə sahibkar, "Ömür" klinikasının təsisçisi, direktoru Gülnarə Sultanqızı deyib.
Hökumətin insanların rifahının yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirdiyini deyən G.Sultanqızı bildirib ki, sahibkarlar da vətəndaşların yaşayış şəraitinin, işçilərinin əmək haqlarının yüksəldilməsi üçün əlavə tədbirlər görməlidirlər.
Hökumət tərəfindən sahibkarlara göstərilən dəstəkdən razı qalan G.Sultanqızı bu istiqamətdə həyata keçirilən son tədbirlərin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.
Müəssisənin fəaliyyəti üçün 4-cü lisenziyanı bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən "Asan Xidmət"də aldığını deyən G.Sultanqızı bildirib ki, indiyədək müxtəlif yoxlamalar keçirməklə sahibkarlar üçün maneələr yaradılırdı: "Amma bu gün sahibkarlara Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı göstərilir. Lisenziyaları bitmiş sahibkarlara yeni lisenziyalar şəffaf, çox asan prosedurla verilir. Mən bu qayğını çox alqışlayıram. Qarşımızdakı maneələr götürüldüyü üçün bir sahibkar kimi dövlət başçısına öz təşəkkürümü bildirirəm".