Bakı. Trend:
Yanvarın 16-da Almaniyanın Maqdeburq şəhərində şəhər bələdiyyəsinin təşkilatçılığı ilə 8-ci "Demokratiya Yolları" sərgisi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 10 mindən çox iştirakçının qatıldığı sərgidə Azərbaycanı Zaxsen-Anhalt əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Hər il olduğu kimi, bu il də şəhərin mərkəzi küçəsi olan Brayter-Veqdedə təşkil olunan sərgidə iştirakçılar tərəfindən Azərbaycanla bağlı stendə xüsusi maraq göstərilib. Ölkəmizlə bağlı stendə tamaşa edənlərin sayı əvvəlki illərlə müqayisədə təxminən iki dəfə çox olub. Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında kitablar nümayiş etdirilib. Cəmiyyətin sədri Yaşar Niftəliyev və üzvləri Karl Hayni Kraft və Fuad Ağayev 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib, kitablar hədiyyə edib.
Qeyd edək ki, artıq 8 ildir Maqdeburq şəhərində Almaniyanın müxtəlif icmalarının təmsil olunduğu "Demokratiya Yolları" adlı sərgi keçirilir və hər il bu sərgini 10 mindən artıq insan ziyarət edir.