...

20 Yanvar faciəsi tanınmış Los Anceles muzeyində anılıb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2016 10:40
Qara Yanvar faciəsinin ildönümü tanınmış Los Anceles muzeyində anılıb.
20 Yanvar faciəsi tanınmış Los Anceles muzeyində anılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qara Yanvar faciəsinin ildönümü tanınmış Los Anceles muzeyində anılıb.

Yanvarın 19-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Qara Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, mərasim Los Ancelesin tanınmış muzeylərindən olan Vende Muzeyində (The Wende Museum) təşkil olunub. Qeyd edək ki, Vende Muzeyi "Soyuq Müharibə" illəri bağlı nadir eksponatların nümayiş olunduğu ən unikal muzeylərdən biridir.

Muzeydə keçirilən mərasimdə ATƏT-in Minsk Qrupunun 2001-2004-cü illərdə ABŞ-dan olan həmsədri səfir Rudolf Perina, Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, yerli universitetlərin əməkdaşları, icma üzvləri və digər şəxslər iştirak ediblər.

İlk öncə, mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı direktoru Castin Cəmpol (Justin Jampol) qonaqları salamlayaraq, Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini vurğulayıb.

Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Diplomat, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsini diqqətə çatdırıb və bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığını bildirib.

Baş konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən Sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə bərpa edib.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan natiq, Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və ölkəmizin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.

Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniya San Dieqo Universitetinin (UCSD) professoru Ceyms Koyl (James Coyle) bu hadisənin tarixi önəmindən danışaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.

Çıxışlardan sonra Baş Konsulluq tərəfindən hazırlanmış "Qara Yanvar: Azərbaycanın azadlığına gedən yol" başlıqlı sənədli film nümayiş olunub. Həmçinin, CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.

Tədbirin sonunda klassik bəstərkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti