Bakı. Trend:
Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu və geniş oxucu auditoriyasına malik, həftəlik "City Press" qəzetində 2015-ci ilin payızında ölkəmizə səfərdə olmuş xanım Babalva Şotanın müəllifi olduğu Azərbaycan haqqında məqalə dərc olunub.
Azərbaycanın CAR-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə müəllif Azərbaycanı yeni bir turizm məkanı kimi Cənubi Afrika auditoriyasına təqdim edib. Azərbaycanın tarixi, mədəni, təbii zənginlikləri ilə müxtəlifliklər ölkəsi adlandıran B.Şota 10 milyona yaxın əhalisi olan bu ölkə ilə tanışlığın Fəxri xiyaban və Şəhidlər xiyabanı ilə başlandığını qeyd edib. Hər iki məkanın Azərbaycan və azərbaycanlılar üçün tarixi və həssas önəmindən bəhs edən B.Şota Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məlumat verib.
Eyni zamanda məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, tarixi-mədəni abidələri, həmçinin regionları barədə geniş məlumat verilib. "Atəşgah" məbədi və zərdüştlüyün Azərbaycanda təşəkkül tapması, Xalça Muzeyi və Azərbaycanda xalçaçılıq ənənələrinin qədim tarixi kökləri, Azərbaycan naxışları barədə məlumatlar da məqalədə öz əksini tapıb.
Müəllif "Atəşgah" məbədində əsrlər boyu İran, Hindistan və Azərbaycandan olan zərdüştlüyə pənah gətirənlərin birgə, yanaşı ibadət etdiyini qeyd edərək, ölkəmizdə dini rəngarənglik və tolerantlıq ənənələrinin qədim tarixi köklərə malik olduğuna işarə edib.
Məqalənin sonunda oxucularla Lahıc qəsəbəsinə olan səyahətinin təəssüratlarını bölüşən B.Şota mis və mis məmulatlarından hazırlanan əl işlərinin heyrətamiz olduğunu qeyd edib və qəsəbədə nəsildən-nəslə ötürülən bu peşə haqqında məlumat verib. B.Şota, həmçinin qəsəbədə olan sənətkar emalatxanaları, yüksək zövqlə və mürəkkəb naxışlarla işlənmiş mis qablar barədə fikirlərini qeyd edib.