Bakı. Samir Əli - Trend:
Əməkdar artist Elnarə Abdullayevanın Abşeron rayon Polis İdarəsinə çağırılması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bu barədə Trend-ə əməkdar artistin vəkili məlumat verib.
Vəkil bildirib ki, E.Abdullayevanın polisə çağırılması ilə bağlı yayılan məlumatlar əsassızdır: "Nə Elnarə Abdullayevaya, nə də onun vəkili olaraq mənə hüquq-mühafizə orqanlarına çağırılma barədə rəsmi müraciət daxil olmayıb. Əgər belə bir məlumat olarsa, məsələ ilə bağlı biz açıqlama verəcəyik".
Xatırladaq ki, müğənni Ülvi Qılıncın əməkdar artist E.Abdullayeva tərəfindən təhqir edilməsi və hədələnməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etdiyi, E.Abdullayevanın polisə çağırılaraq ifadəsinin alınması barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Ü.Qılınc mətbuata açıqlama verərək faktı təsdiqləyib və əməkdar artistin polisə çağırıldığını bildirib.