...

Bakı Alı Neft Məktəbində “Robototexnika” üzrə yarışma keçirildi (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2016 10:44 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr arasında "Robototexnika" üzrə yarışma keçirildi.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov yarışmada iştirak edən tələbələri salamlayaraq, onların hər birinə uğurlar arzuladı. O, tələbələrin dərsdən əlavə çalışmaqla müəyyən qurğular yaradaraq öz biliklərini nümayiş etdirmələrindən məmnun olduğunu bildirdi. Elmar Qasımov tələbələrin yaradıcılıq və təşəbbüsünün böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davam edəcəyini dedi.

Rektor tələbə yarışları və sərgilərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakı da təqdirəlayiqdir. O, həmin şirkətlərin öz gələcək mütəxəssislərini indidən seçdiklərini vurğuladı və tələbələrin həvəsləndirilməsi məqsədilə hədiyyələr təqdim edən Avandsis GROUP, Schneider Electric, Emerson Process Management, ABB, Siemens şirkətlərinə təşəkkür edərək əməkdaşlıq üçün məmnunluğunu bildirdi. Elmar Qasımov tədbirin təşkil olunmasına görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasına təşəkkür etdi O, bildirdi ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" BANM-də çox vacib ixtisaslardan biridir və burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verilir.

Elmar Qasımov bu yarışmanın davamlı olacağına inamını ifadə edərək, gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini diqqətə çatdırdı. O, orta məktəb şagirdlərinin gələcəkdə yarışmalara cəlb olunmasını tövsiyə etdi.
Sonra 6 komanda üzrə yarışma başlandı. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirdilər və hər biri haqqında məlumat veərək onların işləməsini əyani olaraq göstərdilər.

Münsiflərin qiymətləndirməsindən sonra komandalar içərisindən "New era" komandası 1-ci yer, "Moon walkers" komandası 2-ci yer, "Star" komandası 3-cü yeri qazandı. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.

Qeyd edək ki, yarışmada III kursda təhsil alan 18 tələbə iştirak edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti