...

Azərbaycana dərmanların keyfiyyətli idxalı üçün yeni təklif

Cəmiyyət Materials 5 Fevral 2016 08:05
Azərbaycana idxal olunan dərman vasitələrinin yoxlama müddəti ərzində saxlanma yerinin dəyişdirilməsi təklif edilir.
Azərbaycana dərmanların keyfiyyətli idxalı üçün yeni təklif

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana idxal olunan dərman vasitələrinin yoxlama müddəti ərzində saxlanma yerinin dəyişdirilməsi təklif edilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, mövcud qanunvericiliyə görə, dərmanlar Azərbaycana idxal olunanda gömrük terminalında saxlanılır, Səhiyyə Nazirliyinin idarələri tərəfindən dərmanlardan nümunə götürülür və analiz edilir, sonra dərmanların sənədləri yoxlanılır və Səhiyyə Nazirliyi tərəfindən dərmanların gömrük terminalından buraxılmasına icazə verilir.

M.Quliyev bildirib ki, bu fəaliyyətin qanunla tənzimlənməsi qaydası belədir: "Bəzən olur ki, bu proses bir aya qədər müddəti əhatə edir, bəzən tez və ya gec olur. Dərman elə bir vasitədir ki, onun saxlanmasının xüsusi işıq rejimi, saxlanma temperaturu olmalıdır".

Deputat qeyd edib ki, elə dərmanlar var ki, minus dərəcə temperaturda saxlanmalıdır: "Elə dərmanlar var ki, +20 dərəcəyə qədər temperaturda saxlanmalıdır və s. Dərman idxalçısının anbarında bu xüsusi rejim var. Çünki bu şərait olmasa, onlara ümumiyyətlə, lisenziya verilməz. Amma gömrük terminalında belə rejim yoxdur və olmalı da deyil".

M.Quliyev həmçinin bildirib ki, dərmanların Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması müddətində gömrük terminalında saxlanması dərmanların keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər: "Biz təklif edirik ki, qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Dərmanlar xaricdən gətiriləndə Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının nəzarəti altında dərmanları gətirən şirkətin və ya sahibkarın anbarına yerləşdirilsin. Səhiyyə Nazirliyi nümunələr götürdükdən sonra isə anbar möhürlənsin. Səhiyyə Nazirliyi dərmanların satışa buraxılmasına icazə verdikdən sonra Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən dərman vasitələri onları ölkəyə idxal edən şirkət nümayəndələrinə təhvil verilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti