...

Şagirdlər üçün "Sabahın alimləri" Respublika müsabiqəsi keçirilir

Cəmiyyət Materials 11 Fevral 2016 17:10 (UTC +04:00)
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Sabahın alimləri” V Respublika müsabiqəsi öz işinə başlayıb.
Şagirdlər üçün "Sabahın alimləri" Respublika müsabiqəsi keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Sabahın alimləri" V Respublika müsabiqəsi öz işinə başlayıb.

Trend-in məlumatına görə, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF - Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur.

"Sabahın alimləri" müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edirlər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.

Bir sıra universitetlər tərəfindən elmi dəstək verilən müsabiqə 8 kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.

Müsabiqə üç gün davam edəcək. Müsabiqənin ikinci günündə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Günün sonunda isə ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçiriləcək. Fevralın 13-də günün birinci yarısında elan olunacaq "Açıq qapı" saatlarında Bakı şəhərində yerləşən məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Həmin gün qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti