Trend-in məlumatına görə, qan xərçəngi xəstəliyindən əziyyət çəkən balaca Məhəmmədə kömək məqsədi ilə keçirilən aksiyada bir çox ali və orta ixtisas təhsili müəssisələrinin tələbələriiştirak ediblər. Məhəmməd üçün ianə toplamaqla yanaşı, gənclər satış-sərgiyə də start veriblər. Belə ki, tələbələrin öz əlləriylə toxuduqları masa örtükləri, müxtəlif bəzək əşyaları, rəngbərəng iplərdən hörülmüş qolbağlar, boyunbağılar, muncuq və qaşlarla işlənmiş sırğalar, saatlar satışa çıxarılıb.
Satışa çıxarılan əşyalar içərisində Azərbaycan və rus dillərində kitablar, müxtəlif aksessuarlar, oyuncaqlar tələbələr tərəfindən maraqla qarşılanıb. Aksiyaya xüsusi maraq göstərən tələbələr balaca Məhəmmədə kömək üçün satış sərgidə də aktiv iştirak ediblər.
Xatırladaq ki, aksiyanın keçirilməsində məqsəd kəskin limfoblastik leykemiya xəstəliyindən əziyyət çəkən 5 oktyabr 2010-cu il təvəllüdlü Məhəmməd Musazadənin Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Hacettepe Universitetinin xəstəxanasında müalicə almasına maddi yardım göstərməkdir.