...

"Qafqaz Albaniyasında İslam dininin yayılması" (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 17:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Xəzər Universitetində “Qafqaz Albaniyasında İslam dininin yayılması” adlı mühazirə təşkil edib.
"Qafqaz Albaniyasında İslam dininin yayılması" (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində Xəzər Universitetində "Qafqaz Albaniyasında İslam dininin yayılması" adlı mühazirə təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, mühazirəni Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov oxuyub. Mühazirəçi göstərib ki, əlverişli strateji coğrafi mövqedə yerləşən Azərbaycan VII əsrin 40-cı illərindən başlayaraq, xilafət ordusunun davamlı yürüşlərinə məruz qalıb, Ərəb xilafətinin tərkibinə daxil olub və İslam dininin ölkədə yayılması prosesi başlanıb.

C.Məmmədov ilkin mənbələrə əsaslanaraq qeyd edib ki, Azərbaycanı özünə tabe edən Ərəb xilafəti zərdüştlüyü və bütpərəstliyi təqib etsə də, monoteist xristianlara dözümlə yanaşıb, Bizans amilini nəzərə alaraq, diofizitliyə qarşı sərt mövqedən çıxış edib. Eyni zamanda mühazirəçi auditoriyaya belə bir reallığı da çatdırıb ki, bu dövrdə ölkə əhalisi Ərəb xilafətinə qarşı ciddi müqavimət göstərib, ayrı-ayrı bölgələrdə üsyanlar baş verib ki, onların arasında ən məşhuru Babəkin rəhbərlik etdiyi xürrəmilik hərəkatı olub. "Qafqaz Albaniyasında İslam dininin yayılması" mövzusuna dair maraqlı fikirlər səsləndirən mühazirəçi İslam dininin Azərbaycanda yayılması üçün uzun zamanın lazım olduğunu bildirib.

Bəşər sivilizasiyasının ən qədim beşiklərindən olan Azərbaycan mürəkkəb və keşməkeşli bir yol keçib, bəşər cəmiyyətinin ibtidaidən aliyə doğru təkamül yolunu yaşayıb. Müxtəlif mədəni qatlara malik olan, politeizmdən monoteizmə keçərək ayrı-ayrı dinlərin, etiqad və inancların təşəkkül tapdığı Azərbaycan səmavi dinlər olan xristianlıq və İslamı qəbul edib, özünün rəngarəng çalarları ilə dünyada tanınıb.

İslam dininin Azərbaycanda yayılması tarixi VII əsrin ortalarından başlayır. Azərbaycan bu tarixi mərhələdə çoxçalarlı sosial-siyasi proseslər yaşayıb, ölkə vahid din ətrafında birləşib, vahid dövlətin coğrafi məkanına qatılıb və xalqın etnogenezi prosesi özünün yeni mərhələsinə daxil olub. Azərbaycan tarixinin bu mürəkkəb və ziddiyyətli mərhələsi Qafqaz Albaniyasının Mehranilər sülaləsinin hökmranlıq etdiyi bir dövrə təsadüf edir.

Mühazirəni diqqətlə dinləyən tələbələr C.Məmmədova suallar veriblər, mövzu ətrafında geniş müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti