Bakı. Trend:
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Buktreyler Festivalda iştirak etmək üçün aşağıdakı 5 sadə addımı atmaq lazımdır:
1. Kitab seçmək;
2. Buktreylerin ideyasını fikirləşmək;
3. Video çəkiliş etmək;
4. Materialı montaj etmək;
5. Buktreyleri 10 aprelədək göndərmək.
Festivalda iştirak şərtləri aşağıdakılardır:
- Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
- Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ili və yerindən asılı olmayaraq) bir kitabdan və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
- Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
- Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
- Buktreylerlərdə Qanunvericiliyə zidd olan; dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
- təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
- iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.
Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:
- xronometrajı: 4 dəqiqəyədək;
- formatı: mpeg4, mpeg, mpg, avi, wmv.
- media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
- əvvəldə Festivalın loqosu yerləşdirilməlidir;
- sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (www.booktrailer.az) yerləşdirilməlidir;
- Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir..
Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi - oxucuda kitaba maraq oyatmaqdır.
Qaliblər 23 aprel Beynəlxalq Kitab günündə müəyyən olunacaqlar!
Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.
Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.
İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az və Azernews.az-dır.