...

Ünvanlı sosial yardım barədə qərarın qəbulu avtomatlaşdırılmış şəraitdə həyata keçirilir

Cəmiyyət Materials 17 Mart 2016 15:55 (UTC +04:00)
Artıq Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu avtomatlaşdırılmış şəraitdə həyata keçirilir
Ünvanlı sosial yardım barədə qərarın qəbulu avtomatlaşdırılmış şəraitdə həyata keçirilir

Bakı. Trend:

Astara rayon sakini Natiq İmanəddin oğlu Xurşudovun ünvanlı dövlət sosial yardımı ala bilməməsi səbəbindən özünə xəsarət yetirməsi iddiası əsassızdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

O vurğulayıb ki, N.Xurşudovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Belə ki, nazirliyin Astara rayon Əhalinin sosial müdafiəsi mərkəzi (ƏSMM) tərəfindən hələ 01 dekabr 2015-ci il tarixdən N.Xurşudovun ailəsinə iki il müddətinə ayda 197.20 manat məbləğində olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilib.

Şöbə müdirinin sözlərinə görə, bundan sonra, ötən ilin dekabr ayında N.Xurşudov bu dəfə qardaşı Fəxrəddin İmanəddin oğlu Xurşudovun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunması üçün Astara rayon ƏSMM-ə müraciət edib. Həmin vaxt qüvvədə olmuş müvafiq qanunvericilikdə ailənin aylıq kredit öhdəliyinin ailənin orta aylıq gəlirinin 50 faizindən çox olması ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hallardan biri kimi təsbit edildiyindən və Fəxrəddin Xurşudovun ailəsinin də belə kredit öhdəliyi olduğundan həmin ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilib. O zaman N.Xurşudova bu barədə rəsmi məlumat və izahat da verilib. Bu günlərdə qeyd olunan məsələ ilə bağlı yenidən mərkəzə müraciət edən N.Xurşudova bildirilib ki, Nazirlər Kabineti tərəfindən 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarla təsdiq edilmiş yeni Qaydalarda artıq kredit öhdəliyinin olması ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hal kimi göstərilməyib. Yəni artıq sosial yardımın alınması üçün kredit məhdudiyyəti aradan qalxıb. Eyni zamanda, N.Xurşudova izah edilib ki, cari il fevralın 15-dən ölkəmizdə ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və avtomatlaşdırılmış təyinat sistemi tətbiq edilir. Onun bir qədər əvvəl həbs olunmuş qardaşı Fəxrəddin Xurşudovun ailəsi ünvanlı dövlət sosial yardımının alınması üçün yenidən elektron qaydada və ya sənədlərini poçt şöbəsi vasitəsilə təqdim etməklə müraciət edərsə, həmin ailənin sosial yardım almaq hüququna heç bir məmur iştirakı olmadan avtomatlaşdırılmış qaydada baxılaraq qərar veriləcək.

Lakin N.Xurşudov elektron qaydada müraciət edilməyəcəyini bildirərək, dərhal onun qardaşının ailəsinə sosial yardım təyin olunmasını tələb edib. Mərkəzin əməkdaşları ünvanlı dövlət sosial yardımının alınması üçün artıq ƏSMM tərəfindən müraciətlər qəbul olunmadığını və bütün müraciətlərin məhz elektron qaydada və ya poçt müəssisələri vasitəsilə edilməli olduğunu ona izah etsələr də, N.Xurşudov bununla razılaşmayıb. O, dəfələrlə müxtəlif təzyiq vasitələri, şantaj və s. yollarla öz niyyətini həyata keçirməyə cəhd göstərib.

E.Babayev bir daha vətəndaşların diqqətinə çatdırıb ki, ölkəmizdə artıq ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesi avtomatlaşdırılmış şəraitdə həyata keçirilir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s. vasitəsilə "Elektron hökumət" və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə müraciət edə bilərlər. Elektron müraciət etməkdə hər hansı çətinliklə üzləşən vətəndaşlar üçün isə alternativ variant kimi poçt şöbələrində də sosial yardımın alınması üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb.

Eyni zamanda vətəndaşlar notariusdan aldıqları ərizə və poçt şöbəsindən, yaxud müvafiq əhalinin sosial müdafiəsi mərkəzindən götürdükləri ərizə-bəyannaməni dolduraraq poçt müəssisəindən sənədlərini əhalinin sosial müdafiəsi mərkəzinə göndərə bilər.

Ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sisteminin tətbiq edilməsində əsas məqsəd bu yardımın təyinatı prosesində vətəndaşla məmur arasında ünsiyyətin minimuma endirilməsi, yardım təyinatının tam şəffaf şəraitdə həyata keçirilməsinə yönəlib.

N.Xurşudovun qardaşının ailəsi ünvanlı sosial yardım alınması üçün elektron qaydada müraciət etdiyi halda həmin ailənin bu yardımı almaq hüququna heç bir məmur müdaxiləsi, o cümlədən Astara rayon ƏSMM-in əməkdaşlarının iştirakı mümkün olmadan, şəffaf şəkildə baxılaraq, obyektiv qərar qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti