...

Milli QHT Forumu: Bütün məsuliyyət tam şəkildə işğalçı tərəfin üzərindədir

Cəmiyyət Materials 4 Aprel 2016 17:05 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.
Milli QHT Forumu: Bütün məsuliyyət tam şəkildə işğalçı tərəfin üzərindədir

Bakı. Trend:

Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda deyilir: "Ermənistan tərəfindən Azərbaycana qarşı 28 ilə yaxındır ki, sürdürülən, müstəqillik dönəmində daha da şiddətlənən elan olunmamış müharibə son günlər özünün yeni mərhələsinə qədəm qoymuşdur. Bu yeni mərhələ də, bütün öncəki dönəmlərdə olduğu kimi, Ermənistan dövlətinin, onun silahlı qüvvələrinin işğalçılıq siyasəti, hərbi-siyasi, psixoloji təxribatları nəticəsində başlamış və hərbi cavab tədbirləri görülməsini zəruri etmişdir. Ermənistan Respublikasının BMT tərəfindən tanınmış sərhədlərindən çox-çox uzaqlarda, Azərbaycan Respublikası ərazisinin dərinliklərində, əhalinin sıx yaşadığı yerlərə yaxın mövqelərdə şiddətli döyüşlərin getməsi, ən elementar məntiq və qurtu faktla da, məsuliyyətin Ermənistanın üzərində olduğunu göstərməkdədir. Bununla belə, Ermənistan dövləti, onun havadarları, beynəlxalq erməni diaspor və lobbi gücləri, bir sıra maraqlı dairələr bu məntiqi, danılmaz faktı görməzdən gələrək, qoşunların təmas xəttində baş verən insidentin məsuliyyətini Azərbaycanın üzərinə atmağa uğursuz cəhd göstərirlər. Ancaq bu danılmaz gerçəklikdir ki, cəbhədə son durumla bağlı bütün məsuliyyət, daha öncələr olduğu kimi birmənalı şəkildə Ermənistanın üzərinə düşür.

Üstəlik, 3 aprel 2016-cı il tarixində, Silahlı Qüvvələrimizin xoşməramlı, barışçı niyyətlə çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının düzgün qiymətləndirməyən, Ermənistan silahlı qüvvələri Tərtər-Ağdərə istiqamətində ağır silahlarla, o cümlədən artilleriya ilə Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur, habelə yaşayış məntəqələrimizi, mülki şəxsləri hədəfə alaraq, həmlə və təxribat əməllərini davam edir.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki şəxsləri hədəfə alması, ordumuzun təbii cavab tədbirlərini qaçınılmaz edir. Özəlliklə də, bu cavab tədbirləri Azərbaycan Respublikasının BMT tərəfindən tanınan suveren ərazisi daxilində aparılır. Düşmən atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki vətəndaşlarımızın təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti, təbbi ki, tam şəkildə işğalçı tərəfin üzərindədir.

Milli QHT Forumu, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən minlərlə ictimai fəalı öz sıralarında birləşdirən konfederativ qurum olaraq, bildiririk ki, növbəti dəfə silahlı təxribata əl ataraq mülki obyektlərimizi və dinc vətəndaşlarımızı hədəfə alan Ermənistan, bu əməli ilə Dağlıq Qarabağ münaqişəsi məsələsində, həmçinin uluslararası miqyasda öz siyasi uğursuzluqlarını ört-basdır etmək niyyətindədir; ancaq rəsmi İrəvanın bu dəfəki özbaşnalığı ona baha başa gəlməkdədir. Ordumuz hökumətin siyasi gücünə hərbi güc qataraq, bütövlükdə xalqın arzu və istəklərini ifadə edərək düşməni yerinə oturtmaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın dediyi kimi, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarını tərk etsin!

Milli QHT Forumu olaraq, bir daha bəyan edirik ki, Azərbaycan xalqı sülhpərvər, tolerant, birgə yaşayış qaydalarına tarixən yüksək səviyyədə əməl etmiş - bu işi milli irsə çevirmiş, ruhuna hopdurmuş bir xalq olaraq, işğalçılıq siyasətindən əl çəkən, Azərbaycan Konstitusiyasının tələblərinə əməl edən istənilən şəxsin hüquqlarına sayğı ilə yanaşır; ərazi bütövlüyümüzü təhdid etməyən, mehriban qonşuluq etməyə bacaran hər bir ölkə ilə ən yüksək səviyyədə qonşuluq etməyə hazırdır; bu təbii, haqlı şərtlərə uyğun gəlməyən şəxslər, qurum və quruluşlar, ölkələr günahı özlərində axtarsınlar..!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti