...

Daha bir kənd aydınlığa çıxdı (FOTO)

Cəmiyyət Materials 10 May 2016 16:31 (UTC +04:00)
Balakən rayonunun Hənifə kəndində icra olunan içməli su təchizatının yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb.
Daha bir kənd aydınlığa çıxdı (FOTO)

Bakı. Trend:

Balakən rayonunun Hənifə kəndində icra olunan içməli su təchizatının yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktor müavini Ramin Sadıqov bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hənifə kəndində açılışını etdiyimiz su təchizatı sistemləri qısa müddətdə yaradılıb. Artıq kəndin böyük bir hissəsi keyfiyyətli içməli su ilə təmin olunur. Layihənin davamı olaraq su mənbəyinə yaxın küçələrdə paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur".

Açılış mərasimində çıxış edən sakinlər kəndin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, "Azərsu" ASC-nin kollektivinə minnətdarlıqlarını bildiriblər.

1200 fərdi ev təsərrüfatından ibarət olan və 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilib və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. 2011-ci ildə Hənifə kəndində 1 ədəd artezian quyusu qazılıb və 114 mm diametrli polad borularla 2,4 km su xətti çəkilib. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla 945 nəfər sakin dayanıqlı içməli su ilə təmin edilib.

Kəndin digər bir hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni subartezian quyusu qazılıb, 16 kubmetr tutumu olan 1 ədəd su çəni quraşdırılıb. Su mənbəyindən kəndə 90 mm diametrli polietilen borularla 1 km su xətti çəkilib. Bununla da 200 ev təsərrüfatı və ya 550 nəfər sakin içməli su ilə təmin edilib.

Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

Qeyd edək ki, Balakən rayonunun Hənifə kəndinin bir hissəsi yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti