Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin növbəti iştirakçıları Quba texniki təmayüllü liseylə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli orta məktəb olub.
Nardaran məktəbliləri qubalı dostlarını məktəbin bayramsayağı bəzədilmiş həyətində oynaq, şən mahnı və rəqslərlə qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.
"Nardaran Bilik Evi"nin və 295 nömrəli orta məktəbin direktoru, millət vəkili Dilara Cəbrayılova qonaqları salamlayıb, apreldə Qubaya səfərlərinin şagird və müəllimlərin qəlbində silinməz iz qoyduğunu bildirib.
İki məktəbin şagirdlərinin iştirakı ilə 28 May - Respublika Gününə həsr olunmuş tarix dərsi keçirilib. Nardaran və Quba məktəbinin tarix müəlliminin açıq dərsinə şagirdlər də fəal qoşulublar. Bilik yarışında hər iki məktəbin şagirdləri yüksək hazırlıq göstəriblər.
Məktəbin iclas salonunda Respublika Gününə həsr olunmuş musiqili-əyləncəli kompozisiya təqdim edilib. Tədbirdə Nardaran və qonşu qəsəbə kəndlərinin icra nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar da iştirak ediblər.
Sabunçu rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, millət vəkili Dilarə Cəbrayılova və Quba texniki təmayüllü liseyin direktoru Gülzar Əyyubova əlamətdar hadisə münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Bilik Fondunun layihələrinin cəmiyyətdə razılıqla qarşılandığını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın "Azərbaycanın dünyaya örnək multikultural mənzərəsi" mövzusunda nitqi maraqla qarşılanıb.
Nardaran və Quba məktəbliləri sonra Park-bulvardakı "Planetarium"da göy cisimlərini seyr ediblər, bulvarı, Qız qalasını, Şirvanşahlar sarayını, paytaxtın digər görməli yerlərini birlikdə gəziblər.