Bakı. Trend:
İyunun 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Trend Təhsil Nazirliyinə istinadən məlumat verir ki, təhsil naziri Mikayıl Cabbarov N.Əliyevanın BSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb.
BSU-nun rektoru N.Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Qeyd edək ki, N.Əliyeva 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub. 2016-cı ilin aprel-iyun aylarında təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi N.Əliyeva Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.