...

Xəqani Fərəcov: Azərbaycan Gimnastika Federasiyasının peşəkar könüllülər komandası formalaşıb

Cəmiyyət Materials 24 İyul 2016 11:00 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının peşəkar könüllülər komandası formalaşıb.
Xəqani Fərəcov: Azərbaycan Gimnastika Federasiyasının peşəkar könüllülər komandası formalaşıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Gimnastika Federasiyasının peşəkar könüllülər komandası formalaşıb. Bunu Trend-ə Bakı Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov deyib.

O qeyd edib ki, iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalının təşkilinə 100-dən artıq könüllü cəlb edilib: "Bu könüllülərimiz 17 xidmət sahəsi üzrə fəaliyyət göstərir. Buraya nümayəndə heyətləri ilə iş, hotellərdə qonaqlarla iş, hava limanında qonaqların qarşılanması və yola salınması, tamaşaçılarla iş və s. daxildir. Eyni zamanda yarışların təşkili ilə məşğul olan, hakimlərə kömək edən, dopinqin yoxlanması işinə kömək edən komandalarımız var".

X.Fərəcov bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının könüllülərinin kifayət qədər təcrübəsi var: "2009-cu ildən etibarən könüllülərlə çalışıram. İllər getdikcə müxtəlif könüllülər olur, çünki könüllülər yaşa dolduqca yerlərini daha gənc könüllülərə verirlər. Təcrübəli könüllülər öz təcrübələrini yeni könüllülərlə paylaşırlar. Eyni zamanda biz onlar üçün təlimlər təşkil edirik, onları yarış zonası ilə tanış edirik, onlara gimnastikanın sirlərini öyrədirik".

Bu il Azərbaycanda gimnasika üzrə 3 Dünya Kubokunun keçirildiyini bildirən direktor deyib ki, könüllülər bu turnirlərin hər birinin təşkilində fəal iştirak ediblər: "Ümumilikdə bu yarışmalarda 300-dən artıq könüllü iştirak edib. Hər yarışın öz proqramına uyğun olaraq könüllülərin sayı müəyyən edilmişdi. Könüllülərimiz çox yüksək səviyyədə fəaliyyət göstərirlər, yarışın təşkil edilməsinə çox böyük dəstək göstərirlər".

X.Fərəcov, həmçinin könüllü azarkeş komandasından danışıb. O bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının çox gözəl azarkeş komandası formalaşıb: "Bu komandaya 250-dən çox azarkeş daxildir. Onlar gimnastikanı çox sevir, idmançılarımıza böyük dəstək göstərirlər. Biz də onlara gimnastikanın sirlərini öyrətməyə çalışırıq. Onlara öyrədirik ki, hansı məqamlarda idmançıları alqışlamalıdırlar, hansı məqamda etiraz etməlidirlər. İndiyə qədər azarkeş komandası məktəblərdə formalaşırdısa, əsasən, valideynlərdən ibarət olurdusa, indi gənclər də bu prosesə qoşulub. Bu bizi çox sevindirir ki, bizim gənclərimizin də gimnastikaya marağı artmaqdadır. Ümid edirik ki, növbəti illərdə bu maraq daha da artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti