Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial sosial müavinətlə təmin olunanların sayı hazırda 364084 nəfər təşkil edir.
Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin şəxslərdən 40,1 faizi əlilliyə, 4,1 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə görə aylıq sosial müavinətlə təmin olunur. Həmçinin aylıq sosial müavinət alanlardan 19,2 faizi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4 faizi müharibə veteranlarıdır. Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir. Müvafiq kateqoriyalardan olan digər şəxslər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.
Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60660 nəfər təşkil edib.
Bütün sosial ödənişlər kimi, sosial müavinətlərin məbləğinin də mütəmadi olaraq artırılması təmin edilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanına əsasən, sosial müavinətlərin məbləği cari il fevralın 1-dən növbəti dəfə artırılıb.