Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda psixoloji yardım sahəsində boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururlar.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.
Ə.Əmiraslanov qeyd edib ki, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.
“Psixoloji yardım haqqında” qanunun artıq hazır olduğunu deyən Ə.Əmiraslanov layihənin hazırlanması prosesində mütəxəssislərin və müvafiq qurumların nümayəndələrinin də iştirak etdiyini söyləyib.
Yaxın günlərdə “Psixoloji yardım haqqında” qanun layihəsinin komitə üzvlərinə paylanacağını deyən Ə.Əmiraslanov onun qısa zamanda müzakirəyə çıxarılacağını da açıqlayıb.
“Psixoloji yardım haqqında” qanuna çox böyük ehtiyacın olduğunu deyən komitə sədri hesab edir ki, psixoloji yardım hər bir müəssisə üçün vacib komponentlərdən biridir: “Dünyada istər özəl, istərsə də dövlət olsun - elə bir tibbi müəssisə tapılmaz ki, orada bir və ya bir necə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir. Ancaq Azərbaycanda bu sahədə boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururular. Bəzən onlar bu boşluqdan istifadə edib üzə çıxırlar”.
Ə.Əmiraslanov bildirib ki, komitə tərəfindən “Optika haqqında” ayrıca qanun layihəsinin hazırlanması nəzərdə tutulmur. Onun sözlərinə görə, komitədə aparılan müzakirələrdən sonra “Dərman vasitələri haqqında” qanun layihəsinə optika ilə bağlı fəsilin əlavə edilməsi qərara alınıb.
Ə.Əmiraslanov artıq bütün dövlət qurumları ilə razılaşdırılmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də MM-in payız sessiyasında plenar iclasın müzakirəsinə çıxarılacağı gözlənilir.