...

Sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən həyat yoldaşının məhkəməsi başladı

Cəmiyyət Materials 22 Sentyabr 2016 14:52 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən həyat yoldaşının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, bu gün məhkəmə prosesində özünü internat evinin direktoru kimi təqdim edərək və yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu söyləyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilən L.Əkbərova zərərçəkmişlərlə üzləşdirilib. O, aldığı pulları işə düzəltmək adı ilə yox, saxlamaq məqsədi ilə götürdüyünü deyib.

Prosesdə zərərçəkmiş kimi ifadə verən Ceyhun Tağıyev həyat yoldaşını işə düzəltmək üçün L.Əkbərovaya 9 min manat verdiyini bildirib. O pulu L.Əkbərovanın qohumu Anarə Məmmədovaya verdiyini deyib. L.Əkbərova isə hakimin sualına cavab olaraq ifadə verən zərərçəkmişdən pul almadığını deyib.

Növbəti zərərçəkmiş Leyla Cəfərova isə ifadəsində deyib ki, Lalə Əkbərovanı qohumu Anarə Məmmədova vasitəsi ilə tanıyıb. L.Cəfərova isə deyib ki, Anarə onun bacısının qızıdır və o işə düzəlmək üçün 3 min manat verib.

Hakimin sualını cavablandıran L.Əkbərova səsləndirilən ittihamla özünü günahkar bilməyərək deyib ki, o, Z.Elmanovdan 11 min manatı saxlamaq məqsədi ilə alıb. Sonra pulu qaytarıb. O iddia edib ki, pulun qalanını Anarə götürüb.

Dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Qeyd edək ki, eks-rəisin özü də dələduzluqda ittiham olunur. Hazırda L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. O, ümumilikdə vətəndaşlardan 110 min manat almaqda günahlandırılır.

Məlumata görə 95 saylı orta məktəbdə müəllimə işləyən L.Əkbərova əri M.Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. E.Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Adı dələduzluqda hallanan polis rəisi M.Əkbərov polis orqanlarından xaric edilib.
Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti