...

353 əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub

Cəmiyyət Materials 17 Oktyabr 2016 11:54 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə 3 023 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
353 əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə 3 023 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslara cəlb edilənlərin 353 nəfəri əlilliyi olan şəxslərdir.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İşaxtaran və işsiz vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri onların məşğulluğunun təminatında mühüm rol oynayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də bu məqsədlə həmin şəxslər üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkil olunmasına yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə görülən işlərin davamı olaraq, cari ildə 3 023 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Onlardan 2 801 nəfəri (o cümlədən 131 nəfər əliliyi olan şəxs) nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu kurslara cəlb ediliblər. Qalan 222 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunaraq, seçdikləri peşələr üzrə hazırlıq kursu keçiblər. Mərkəzdə təlim müddətində sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Hesabat dövründə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 353 nəfərini (11,7 faiz) əlilliyi olan şəxslər təşkil edib.

Kurslarda dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Peşələrə uğurla yiyələnən şəxslərə sertifikatlar verilib və yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən onların məşğulluqlarının təminatı üçün müvafiq işlər görülüb.

Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Bu dövrdə əsasən yuxarı sinif şagirdlərindən ibarət 75 284 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Valideynlərin də iştirakı ilə keçirilən tədbirlərdə əmək bazarının tələbləri haqqında gənclərə ətraflı məlumatlar verilib, məşğulluqla əlaqədar gəncləri maraqlandıran mövzularda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti