...

"Fitnə" filmi Bədən Tərbiyəsi və İdman Akademiyasında nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2016 16:17 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub.
"Fitnə" filmi Bədən Tərbiyəsi və İdman Akademiyasında nümayiş olunub  (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin, Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və məsul şəxsləri, akademiyanın pedaqoji kollektivi və tələbələri iştirak ediblər.

Əvvəlcə sənədli film nümayiş etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dini radikalizmlə mübarizədə təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanıb. Rektor “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə də ali təhsil ocaqlarında kütləvi baxışların keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Natiq “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Bu filmin gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından mühüm olduğunu qeyd edib.

DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Komitə tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır. O, Azərbaycanda heç zaman dini və məzhəb ayrı-seçkiliyinin müşahidə olunmadığını diqqətə çatdırıb. Dövlətin dinə qayğısından danışan M.Qurbanlı hazırda ölkəmizdə 2 mindən artıq məscidin fəaliyyət göstərdiyini bildirib. Xurafat və dini radikalizmin təhlükəli olduğunu bildirən Komitə sədri ölkəmizdə dini ekstremizm və radikalizmlə mübarizə tədbirlərindən danışıb.

M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur. Həmin radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etmək üçün çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir. M.Qurbanlı belə maarifləndirici sənədli filmlərin radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərdiyini bildirib.
Tədbir film ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti