...

Bakıda kişi idman gimnastikası üzrə FIG beynəlxalq hakimlik kursları start götürüb (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2017 11:37 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları start götürüb.
Bakıda kişi idman gimnastikası üzrə FIG beynəlxalq hakimlik kursları start götürüb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları start götürüb. Trend-in məlumatına görə, kurslar fevralın 6-dan 9-dək davam edəcək.

Açılış mərasimində çıxış edən FIG idman gimnastikası üzrə texniki komitənin prezidenti Stiv Butçer kurs iştirakçılarını salamlayıb, təşkilat komitəsinin üzvlərini təqdim edib və tədbirin təşkilatçılığına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

O deyib: “Azərbaycan, demək olar ki, FIG tarixində təşkilatın bütün tədbirlərini və fəaliyyətini dəstəkləyən əsas ölkələrdən biridir. Öz mükəmməl işinizi davam etdirin. Kursların təşkilinə görə təşəkkür edirəm. Əminəm ki, bizim ümidlərimiz doğrulacaq, çünki Azərbaycanda tədbirləri necə keçirmək lazım olduğunu bilirlər”.

Daha sonra açılışda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Kurs iştirakçılarını salamladıqdan sonra o uğurlar arzulayıb və kursların uğurla keçəcəyindən əmin olduğunu deyib.

F.Qayıbov deyib: “Bu kurslar Azərbaycanda ikinci dəfədir ki, keçirilir. Birinci dəfə 2007-ci ildə keçirilmişdi. Daha əvvəl osə bədii gimnastika üzrə qitələrarası və beynəlxalq hakimlik kursları keçirilib. Onlar çox uğurlu keçdi. Biz bu kurslardan da eyni nəticəni gözləyirik. Sizə uğurlar arzu edirik”.

Daha sonra iştirakçıların yoxlaması keçirildi və kurslara start verildi.

Qeyd edək ki, kurslarda 17 federasiyadan 66 hakim iştirak edir. Azərbaycanı kurslarda 6 hakim təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti