...

Sənan Şəfizadə: Milli Gimnastika Arenasında yarışlar bir bayram kimi keçirilir (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2017 13:22 (UTC +04:00)

Bakı. Trend:

“İndiyə qədər təqribən 12 idman növü üzrə yarışlarda aparıcılıq etmişəm. Lakin gimnastika yarışında birinci dəfədir aparıcılıq edirəm. Əvvəlcə həyəcanlı idim, amma sonra gördüm ki, gimnastika yarışlarında aparıcılıq etmək daha maraqlıdır”.

Bunu Trend-ə Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun aparıcısı Sənan Şəfizadə deyib.

O, yarışın birinci günündə 9 saat aparıcılıq etdiyini bildirib: “Ancaq bu müddət ərzində heç bir yorğunluq hiss etmədim, çünki yarışlar çox maraqlı keçirdi. Açığını desəm, mən batut gimnastikasından belə bir dinamika gözləmirdim. Milli Gimnastika Arenasında yarışlar adi yarışlar deyil, sanki bir bayram kimi keçirilir. Yarış çərçivəsində müxtəlif müsabiqələr, xüsusi musiqi elementləri, xüsusi viktorinalar, azarkeşlərlə daimi təmaslar və Azərbaycan Gimnastika Federasiyasının fan-klubunun fəal olması yarışı çox möhtəşəm edir. Azarkeşlər də öz alqışları ilə yarışı daha canlı, daha maraqlı edirlər. Tamaşaçılara da xüsusi təşəkkürümü bildirirəm”.

S.Şəfizadə qeyd edib ki, hazırda Azərbaycanda 60-dan çox idman federasiyası var: “Ancaq Gimnastika Federasiyası öz əməkdaşlarının mehribanlığı, peşəkarlığı ilə fərqlənir. Yarışlar hər saniyəsinə qədər dəqiqliklə təşkil edilir. Ona görə də insanlar gəlib yarışlara tamaşa etməyə böyük maraq göstərirlər. Yarışın birinci günü azarkeşlər əvvəldən axıra qədər yarışlara tamaşa etdilər. Hətta bir çox dostlarım televiziyadan yarışları görüb məndən bilet istəyirlər. Arzu edirəm ki, yarışların son günü idmançılarımızın qələbələri çox olsun. Onda azarkeşlər də çox sevinəcək. Xaricdən gələn komandalar da yarışların təşkilindən çox razı qaldıqlarını bildirirlər. Yəni tam səmimiliyi ilə deyirəm: indiyə qədər bir çox böyük yarışlarda aparıcılıq etmişəm, ancaq gimnastika yarışlarına belə maraq gözləmirdim. İnsanlar ailəliklə gəlib yarışlara tamaşa edirlər”.

Aparıcı Dünya Kubokunun açılış mərasimindən də danışıb: “Mən bir çox yarışların açılış mərasimlərini görmüşəm. Ancaq Milli Gimnastika Arenasında izlədiyimiz bu yarışın açılış mərasimi çox fərqli idi. Burada milli elementlərin istifadə olunması, gimnastların milli geyimlərdə xüsusi hərəkətlər nümayiş etdirməsi çox möhtəşəm alınmışdı. Bu da Gimnastika Federasiyasının peşəkarlığından irəli gəlir. Yəni mən bir aparıcı kimi 9 saat zövq aldım. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti