...

Protez-ortopedik məmulat istehsalında Almaniya ilə təcrübə mübadiləsi aparılır

Cəmiyyət Materials 22 Fevral 2017 11:15 (UTC +04:00)

Bakı. Trend:

Protez-ortopedik məmulatların istehsalında müasir texnologiyaların tətbiqi sahəsində Almaniya ilə təcrübə mübadiləsi aparılır.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik əlilliyi olan şəxslər üçün protez-ortopedik məmulatların hazırlanması sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqini diqqətdə saxlayır. Bu istiqamətdə növbəti tədbir kimi, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidovun rəhbərlik etdiyi nümayəndə heyəti müvafiq sahədə müasir nailiyyətləri ilə seçilən Almaniya Federativ Respublikasına ezam edilib.

Səfər zamanı nümayəndə heyəti Almaniyanın Duderstadt şəhərində yerləşən, protez-ortopedik məmulatların istehsalı sahəsində son texnologiyaların tətbiq edildiyi “Otto Bokk” firmasında olub. “Otto Bokk” əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların daha rahat hərəkət imkanlarına malik olması üçün funksional protez-ortopedik məmulatların (o cümlədən əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən MYO protezlərin) hazırlanması üzrə də dünyada tanınmış firmalardandır.

Müəssisənin rəsmiləri ilə keçirilən görüşlərdə Azərbaycanda əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin edilməsi işləri barədə məlumat verilib. Bu sahədə istehsalın dünyada mövcud olan qabaqcıl standartlar səviyyəsində qurulmasına xüsusi önəm verildiyi vurğulanıb.

Görüşlərdə ötən dövrlərdə “Otto Bokk” firması ilə ölkəmizin əməkdaşlıq təcrübəsinin mövcud olduğu da qeyd edilib. Bu əməkdaşlığın davamı olaraq, protez-ortopedik məmulatların, habelə funksional protezlərin istehsalı sahəsində “Otto Bokk” təcrübəsinin Azərbaycanda tətbiqinin mümkünlüyü məsələsi müzakirə edilib. Firma ilə bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə yekdil fikir ifadə olunub. Həmçinin Protez-Ortopedik Bərpa Mərkəzində protez-ortopedik məmulatların istehsalında ən müasir texnologiyaların öyrənilməsi və tətbiqi ilə bağlı firma tərəfindən institusional səviyyədə dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə edilib. Bununla əlaqədar “Otto Bokk” firmasının mütəxəssisinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti