...

Güzəştli mənzillərin tikintisi üçün Hövsanda torpaq sahəsi ayrıldı

Cəmiyyət Materials 24 Fevral 2017 11:26 (UTC +04:00)
Güzəştli mənzillərin tikintisi üçün Suraxanı rayonu ərazisində torpaq sahəsi ayrılıb.
Güzəştli mənzillərin tikintisi üçün Hövsanda torpaq sahəsi ayrıldı

Bakı. Trend:

Güzəştli mənzillərin tikintisi üçün Bakının Suraxanı rayonu ərazisində torpaq sahəsi ayrılıb.

Bu barədə Trend-ə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 11 aprel 2016-cı il tarixli fərmanının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib.

Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabinetinin bu torpaq sahəsinin ayrılması barədə Mənzil İnşaatı Dövlət Agentliyinin təklifi əsasında verilmiş müvafiq sərəncamı 22 fevral 2017-ci il tarixində imzalanıb. Bu ərazi “MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir.

Ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti