...

Qlobal “İƏT Modeli Sammiti” İslam Həmrəyliyi Oyunları öncəsi Bakıda keçiriləcək (FOTO)

Cəmiyyət Materials 15 Mart 2017 09:51 (UTC +04:00)
Qlobal “İƏT Modeli Sammiti” bu il Bakıda İslam Həmrəyliyi Oyunları öncəsi keçiriləcək.
Qlobal  “İƏT Modeli Sammiti” İslam Həmrəyliyi Oyunları öncəsi Bakıda keçiriləcək (FOTO)

Bakı. Trend:

Qlobal “İƏT Modeli Sammiti” bu il Bakıda İslam Həmrəyliyi Oyunları öncəsi keçiriləcək.

Artıq 7 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verilib. İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Bu barədə Trend-ə Forumdan məlumat verilib.

DƏ-İKGF-nin əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə, İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlat rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Proqramda Bakı Dövlət Universiteti başda olmaqla, 15-dən artıq ali məktəbi təmsil edən 500 tələbə arasından seçilmiş 120-dən artıq gənc iştirak edir. İki ay ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.

Qeyd edilən müddət ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən, gənclərdən təşkil olunmuş işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq aprel ayında model oyunlar çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həlli istiqamətindəki təkliflər öz əksini tapacaq.

Ənənəvi olaraq “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ndə qələbə əldə edən işçi qruplar beynəlxalq sertifikat və xüsusi mükafatlarla təltif olunur, ən aktiv 5 iştirakçı isə İƏT-ə üzv ölkələrdən birində keçiriləcək “Beynəlxalq İƏT Modeli” Qlobal Sammiti yarışmalarına qatılmaq hüququ əldə edirlər. İndiyədək belə Qlobal Sammitlər 2011-2016-cı illər ərzində Türkiyənin İstanbul şəhərində, Rusiya Federasiyası Kazan şəhərində, Malaziya paytaxtı Kuala-lumpurda və İranın Məşhəd şəhərində keçirilib.

Bu il keçirilən proqram çərçivəsində artıq mühazirə və təlimlər başlamış, təlimlərdə məruzəçi qismində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Fələstin dövlətinin fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim və başqaları çııxış ediblər. Növbəti təlimlərdə Pakistanın, Malaziyanın, Mərakeşin, Səudiyyə Ərəbistan Krallığının və başqa İƏT ölkələri səfirlərinin, diplomatik nümayəndələrinin, yerli dövlət qurumları ekspertlərinin çıxışları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti