Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda rəsmi olaraq, qeydə alınan məişət zorakılığı hallarının sayı reallıqda baş verən zorakılıq hallarının sayından daha azdır.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycanda məişət zorakılığı hallarının sayı getdikcə azalır:
"Bunlar yalnız statistik rəqəmlərdir. Reallıqda isə daha artıq faktlar mövcuddur. Bir sıra hallarda ailə daxilində baş verən məişət zorakılığı elə ailə daxilində də qalır və kənara çıxmır. Bizim əsas məqsədimiz odur ki, ailədə baş verən problemləri əvvəlcədən aşkarlaya və vəziyyət çox ağırlaşmadan onun qarşısını ala bilək. Buna görə də komitənin təşəbbüsü ilə hər bir rayonda icra hakimiyyətlərinin nəzdində monitorinq qrupları yaradılıb".
A.Sofiyeva əlavə edib ki, komitə tərəfindən risk qrupundan olan, münaqişəli ailələrlə bağlı müəyyən işlər aparılır, onlara mütəmadi nəzarət edilir.
A.Sofiyeva bu gün məişət zorakılığının hər bir dövlətin problemi olduğunu da söyləyib:
"Təəssüflər olsun ki, Azərbaycanda da belə hallarla qarşılaşırıq. Hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da məişət zorakılığının qurbanları daha çox qadınlar və uşaqlardır. Qurbanların müdafiəsi və digər problemlərin həlli istiqamətində qanunvericilik bazası var. Bir neçə il əvvəl isə Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul edilib".