...

"Rabitə işi" üzrə təqsirləndirilənlərə hökm oxundu (YENİLƏNİB-2)

Cəmiyyət Materials 27 İyul 2017 12:20 (UTC +04:00)
"Rabitə işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
"Rabitə işi" üzrə təqsirləndirilənlərə hökm oxundu (YENİLƏNİB-2)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

RYTN-nin sabiq Aparat rəhbəri V.Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov da 13 il müddətinə azadlıqdan məhrum olunub.

"Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov 11 il, E.Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev isə 3 il müddətinə azadlıqdan məhrum olunublar.

"Aztelekom" MMC-nin sabiq baş direktoru M.Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Şərti cəza verilən M.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

“Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan O.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi S.Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan S.Hümbətov məhkəmə zalından azadlığa buraxılıb.

“AzinTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan B.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Bu əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. RYTN-nin mülki iddiası qismən təmin edilib. Bildirilib ki, Vergilər Nazirliyi mülki iddiasını geri götürüb.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti