...

"İşsizlikdən sığorta haqqında" qanunun qəbulu sosial müdafiənin gücləndirilməsində mühüm addımdır (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2017 13:06 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunun təsdiq edilməsi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli fərmanın imzalanması ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd olunan yeni qanunvericlik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.

Nazir müavini bildirib ki, bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sistemi sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas elementlərindən biridir. Dünyada işsizlikdən sığorta sistemi bu və ya digər formada 72 ölkədə fəaliyyət göstərir. Bu ölkələrin hər birində işsizlikdən sığorta sistemi ölkənin iqtisadi potensialında, əmək bazarının vəziyyətindən, işsizliyin xüsusiyyətlərindən, aztəminatlı əhaliyə münasibətdə digər sosial proqramların mövcudluğu vəziyyətindən və s. hallardan asılı olaraq yaradılıb: “Azərbaycanda da Dövlət Məşğulluq Strategiyasında ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması məsələsi əksini tapıb. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya edilmiş 88 nömrəli Konvensiyasında və 83 nömrəli Tövsiyəsində də işsizlikdən sığorta sisteminin tətbiqi məsələsi yer alıb”.

İ.İsayev qeyd edib ki, əmək bazarının tələblərinə cavab verən aktiv və passiv məşğulluq tədbirlərinin genişləndirilməsi, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması məqsədilə ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasının zəruriliyi barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da müvafiq tapşırıqlar verilib.

Nazir müavini diqqətə çatdırıb ki, işsizlikdən sığorta sisteminin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və ona əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. Sistemin səmərəliliyi bu iki komponentin qarşılıqlı və əlaqəli fəaliyyətindədir: “Yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə, beynəlxalq ekspertlərin rəyi, Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla təkmil səviyyədə hazırlanıb. İşsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, işsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. “İşsizlikdən sığorta haqqında” Qanun ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına, sığortaolunanların, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərin itirilmiş əməkhaqlarının kompensasiya olunmasına xidmət edir. Digər tərəfdən isə bu qanun işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı təminat yaradır”.

Qanunda işsizlikdən sığortanın məcburi olmasının nəzərdə tutulduğunu diqqətə çatdıran İ.İsayev bildirib ki, eyni zamanda işsizlikdən sığortanın əsas prinsipləri kimi işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi, işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatının verilməsi, sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması və s. kimi prinsiplər yer alıb. İşsizlikdən sığorta üzrə tarif dərəcələri də dünya ölkələrindəki tariflər üzrə ən aşağı səviyyədə nəzərdə tutulub. Belə ki, qanunda həmin tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub.

İ.İsayev vurğulayıb ki, işsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılmasını stimullaşdırır. O bildirib ki, sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir: “İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün Qanunun 14.1-ci maddəsinə uyğun şəkildə sığorta ödənişi nəzərdə tutulur. Yəni həmin şəxslərə sığorta ödənişi onların sığorta stajından asılı olaraq itirilmiş orta aylıq əməkhaqqlarının məbləğinə görə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz səviyyəsində müəyyən edilib. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum sığorta ödənişi məbləği ödəniləcək ki, bu da qanunda minimum aylıq əməkhaqqı məbləğinə bərabər götürülüb”.

Sığorta ödənişinin ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcəyini bildirən nazir müavini ona da qeyd edib ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz: “Bununla yanaşı, vətəndaş ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan sonrakı 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin edilmədikdə, ona bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir. Digər tərəfdən, Qanunda müvafiq hallarda sığorta ödənişinə əlavə də nəzərdə tutulur ki, bu da sığorta ödənişi təyin edilmiş şəxsin himayəsində 18 yaşa çatmamış uşaq (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) olduqda nəzərdə tutulub. Lakin ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir”.

İ.İsayev işsizliyə görə aylıq sığorta ödənişinin hesablanması və ödənilməsi, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı, sığorta ödənişinin verilməsinin dayandırılması və s. ilə bağlı qanunda əksini tapan məqamlar barədə praktik izahlar verib: “Möhtərəm dövlət başçısının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli Fərmanında bu Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında konkret tapşırıqlar əksini tapıb. Onların da yüksək səviyyədə həyata keçirilməsi təmin olunacaq”.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulması, onların və ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm addımlar atılır. Bu proqram 1400 nəfər vətəndaşı əhatə edir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirərək, proqramın çox böyük perspektivi və artıq yaxşı nəticələrinin olduğunu bildirərək deyib: “Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev 03 avqust 2017-ci il tarixdə Balakən rayonunda “ABAD Mərkəz”in açılışı zamanı “Növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır” deyə vurğulayıb.

İ.İsayev diqqətə çatdırıb ki, ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına, bundan dəfələrlə çox insanın özünüməşğulluğuna dəstək verilməsinə, digər aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsinə də əsaslı təminat yaradacaq”.

Sonra İ.İsayev jurnalistlərin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti