Bakı. Samir Əli - Trend:
Bakı metropoliteninin 50 illik yubileyi ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Nərimanov" elektrik deposunda avqustun 1-də start götürmüş idman yarışları başa çatıb.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, spartakiada 9 idman növü - mini-futbol, voleybol, stolüstü tennis, şahmat, dama, nərd, kəndirdartma, daşqaldırma, qol güləşi üzrə təşkil edilib. Final görüşündə depolar üzrə iş departmaentinin kollektivi hərəkətçilərə qalib gəlib.
Depolar üzrə iş departamenti ümumi komanda hesabında da qalib gəlib. İkinci yerə işarəvermə və rabitə, üçüncüyə isə elektrik təchizatı xidmətlərinin komandaları çıxıb. Qaliblər diplom və mükafatlarla təltif olunacaq.