Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda meşə fondları ərazilərində yanğınların baş verməsi kənar müdaxilə nəticəsində olur.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşələrdə baş verən yanğınların əsas səbəbi odla ehtiyatsız davranmadır:
“Meşə fondu əraziləri bələdiyyə mülkiyyətində olan torpaqlarla, fermer təsərrüfatları ilə həmsərhəddir. Taxıl biçinindən sonra kövşənlərin yandırılması, yaylaqlarda odla ehtiyatsız davranma ( yaylaqlara gedən yol meşə fondu ərazisindən keçir) və digər bu kimi hallar sonda yanğınların meşələrə keçməsinə səbəb olur. Azərbaycanda meşələrin öz-özünə alışması halları demək olar ki, müşahidə olunmayıb. Bizim meşələrin 85 faizi dağ, 15 faizi Aran bölgəsində yerləşir. Kifayət qədər enliyarpaq meşələr olduğundan rütubət də yetərli qədərdir. Ona görə də meşələrin öz-özünə alışması halları istisna edilir”.
S.Salmanov əlavə edib ki, havaların isti və quraq keçməsi ilə əlaqədar hər il olduğu kimi, bu ilin mayın ayının sonlarından başlayaraq, əhali arasında maarifləndirmə işləri aparılıb, mütəmadi olaraq reydlər keçirilib. Buna baxmayaraq, bu il meşə ərazilərində 6 yanğın (ötən ilin müvafiq dövründə 5 hadisə) baş verib. Yanğınlar Şəki, Oğuz, Qəbələ, Siyəzən, Şabran və Xızı rayonları ərazisində olub. Qəbələdəki meşə fondu ərazisində baş verən yanğın istisna olmaqla, yanğınlar 100 hektar ərazini əhatə edib. Yanğınların 75 hektarı Giləzi Regional Meşəsalma Massivində Qarabulaq meşələrində olub. Yanğınlar nəticəsində əsasən ot örtüyü yanıb.
Qəbələdə meşə fondu ərazisində baş verən son yanğın hadisəsinin araşdırıldığını deyən S.Salmanov bildirib ki, hazırda müvafiq komissiya tərəfindən həmin yanğının ərazisi, dəymiş ziyan öyrənilir.
S.Salmanovun sözlərinə görə, meşədəki yanğınlar biomüxtəlifliyə və meşələrdə yaşayan canlılara da öz təsirini göstərib:
“Heyvanlar məcburiyyət qarşısında öz yuvalarını tərk getməyə və başqa ərazilərə getməyə başlayırlar. Bundan başqa yanğın baş verdiyi ərazilərdə sonradan xəstəliklər yaranır, turizm potensialı azalır”.
S.Salmanov əlavə edib ki, il ərzində ETSN tərəfindən yanğına qarşı profilaktik tədbirlər həyata keçirilib, yanğın təhlükəsi ola biləcək ərazilərdə müvafiq zolaqlar çəkilib.
Onun sözlərinə görə, meşə fondları ərazilərinin sərhədlərində, yol kənarlarında meşə yanğınlarının qarşısının alınması üçün kifayət qədər maarifləndirici lövhələr yerləşdirilib.
Nazirlik rəsmisi bildirib ki, meşələrdə yanğın hadisəsi görən şəxslər “Qaynar xətt”ə (168) zəng edə bilərlər: “Bu zəng ödənişsizdir. Eyni zamanda, ETSN-də daim fəaliyyət göstərən növbəti hissəyə də məlumat verilə bilər. Əgər hər hansı vətəndaş meşələrdə qanunsuzluq, yanğın görərsə, 168-ə zəng edə bilər. Bizim ümumiyyətlə, bütün ərazilərimizdə meşə gözətçilərimiz var. ETSN-nin bütün respubika ərazisində 3000-ə yaxın meşə mühafizəsi xidmətçisi işləyir ki, onun da 2000-ə yaxını meşə gözətçiləridir, yəni əraziyə nəzarət edənlərdir”.
Qeyd edək ki, hazırda Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8%-ni təşkil edir.