Bakı. Samir Əli - Trend:
Sentyabrın 17-də Yevlaxdan Bakı istiqamətində hərəkət edən marşrut avtobusunda halı pisləşən tələbəyə yardım edərək onu xidməti avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdıran yol polisi Anar Abdullayev hadisə barədə Trend-ə açıqlama verib.
11 il yol polisi sistemində xidmət edən Respublika Dövlət Yol Polisinin xüsusi tağımının inspektoru A.Abdullayev bildirib ki, hadisə ani vəziyyətdə baş verib.
O qeyd edib ki, günorta saatlarında ərazidə xidmət apararkən Nəvai postuna yaxınlaşanda orada sıxlıq gördüm:
"Hadisə yerinə çatanda gənc bir xanımın halının pisləşdiyinin şahidi oldum. Xəstənin yanındakılar ona yardım etmək istəsələr də, müdaxilə nəticə vermirdi. Yaxınlaşıb xəstəni postun istirahət otağına götürdüm, orada ona yardım etdik və mən təcili tibbi yardım çağırdım. Təcili Tibbi Yardım briqadası gəlib xəstəyə ilkin tibbi yardım göstərdi. Lakin xəstənin vəziyyəti tam normallaşmadı. Təcili yardım əməkdaşları xəstəni öz maşınları ilə xəstəxanaya aparmaq istədilər. Amma xəstədə tez-tez qıcolmalar olduğundan, onun həyatını xilas etmək üçün təcili yardım maşını ilə xəstəxanaya çatdırmaqda gecikə bilərdik. Buna görə xəstəni xidməti avtomobilimlə xəstəxanaya tez çatdırmaq qərarına gəldim. Bunun üçün rəhbərliyə məruzə edib icazə istədim. Rəhbərlik dərhal müsbət cavab verdi".
A.Abdullayev bildirib ki, rəhbərlikdən icazə alan kimi dərhal vaxt itirmədən xəstəni xəstəxanaya çatdırmaq üçün yola düşüb: "Xəstənin valideyni ilə birlikdə xidməti avtomobilimə dəvət etdim, yüklərini avtomobilə yerləşdirib birbaşa Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə gətirdim. Yolda xəstədə iki dəfə yenidən qıcolma baş verdi, özümü itirməyib müdaxilə etdim. Sağ olsun həkimlərimiz, xəstəyə vaxtında yardım etdilər. Bu, həm polis, həm də bir vətəndaş kimi borcumdur. Bu, hər bir vətəndaşın borcudur".