...

Mütəxəssis rəyi - Xəzəri necə qoruyaq?

Cəmiyyət Materials 18 Sentyabr 2017 17:32 (UTC +04:00)
Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının və dənizkənarı zonaların çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemlərindən biridir.
Mütəxəssis rəyi - Xəzəri necə qoruyaq?

Bakı. Trend:

Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının və dənizkənarı zonaların çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemlərindən biridir.

“Coca-Cola” şirkətindən Trend-ə verilən məlumata görə, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Sahil ərazilərinin çirklənmə dərəcəsini isə əsasən, yay mövsümünün sonunda müşahidə etmək mümkündür ki, bunun da başlanğıcında insan amili durur.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, Bakı və Abşeronda fəaliyyət göstərən çimərliklərin əksəriyyətinin vəziyyəti bərbaddır, bunun əsas səbəbi isə insanların özləridir: “İnsanlar gətirdikləri yeyinti məhsullarını zibil yeşiklərinə atmır, oturduqları yerdə qoyub gedirlər. Bundan sonra isə onlar sahillərin çirkli olduğundan gileylənirlər. Lakin hər bir kəs özündən başlamalıdır. Xəzər hər birimizin sərvətidir və hər kəs onun təmiz saxlanması üçün məsuliyyət daşıyır”.

T. Zeynalov bildirib ki, çimərlik ərazilərinin əksəriyyəti sahibkarlar tərəfindən özəlləşdirilib və ya icarəyə götürülüb və iş adamlarının çoxu sözügedən çimərliklərin təmizliyi haqqında düşünmür: "Demək olar ki, bütün istirahət sahələri birbaşa dənizə çirkab suları axıdır. Nəticədə müxtəlif xəstəliklər yayılır. Qeyd edilən problemin aradan qaldırılması istiqamətində hazırda ölkədə bir sıra tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi nəticəsində Nazirlik Xəzər akvatoriyasının daha da təmizlənməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından bidəfəlik çıxarılmasına nail olmaq niyyətindədir".

T.Zeynalov hesab edir ki, bu istiqamətdə aparılan maarifləndirmə işləri və təşəbbüslər olduqca yaxşıdır, lakin cərimə metodları və nəzarət mexanizmləri daha sərt olmalı, zibil qutularının sayı artırılmalıdır: "Fikrimcə, ödənişli çimərliklərin sayı azaldılmalı, pulsuz çimərliklərin sayı çoxalmalıdır və müvafiq orqanların nəzarəti gücləndirilməlidir. Vətəndaşlar, rəsmi qurumlar da ekoloji vəziyyətə daha ciddi yanaşmalıdırlar. Bununla bağlı təbliğat işləri aparılmalıdır".

“Azərbaycan Yaşıllar Hərəkatı”nın sədri xanım Fəridə Hüseynova isə bildirib ki, vətəndaşlar inşaat tullantılarını, daş-kəsəyi, dəmir parçalarını və bu tipli zibilləri sahilə atır və dəniz səviyyəsinin artdığı halda o tullantıların da batacağını və gözə görünməyəcəyini düşünürlər: “Lakin bu tullantılar məhv olmur və çimən insanlar üçün olduqca təhlükəlidir. Bu cür tullantılardan alınan xəsarətlər hətta ölümlə nəticələnə bilər. İnsanlar özlərindən savayı digərlərinin də istirahətini düşünməlidirlər. Bir yeri zibilləyən insanlar səhəri günü digər yerdə oturur və oranı da zibilləyirlər. Hesab edirəm ki, cərimə metodları ilə yanaşı, müvafiq orqanların nəzarəti də gücləndirilməlidir. Təəssüflər olsun ki, pulsuz çimərliklərdə nəzarət mexanizmləri çox zəifdir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, sanepidemstansiyanın nəzarəti daha ciddi olmalıdır. Tətdiqatların sayı artırılmalıdır. KİV-lər cəlb olunmalıdır”.

Ölkədə sözügedən problemin həlli istiqamətində həyata keçirilən digər təşəbbüs isə dənizkənarı ərazilərdə aparılan konullu təmizlik aksiyalarıdır. Buna misal olaraq Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində artıq 7 il ardıcıl olaraq hər yay mövsümünün sonunda çimərliklərin genişmiqyaslı təmizlənməsinə dair aksiyalar təşkil olunur. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. “Coca-Cola” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən bu beynəlxalq ekoloji aksiyanın miqyası ildən-ilə genişlənir.

Azərbaycanda son 7 il ərzində keçirilən sözügedən birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” (Okeanların Mühafizəsi) beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Mütəxəssislərin fikrincə, analoji aksiyalar daha müntəzəm qaydada keçirilməli, iştirak edən könüllülərin sayı artırılmalı, daha aktiv maarifləndirmə və təbliğat aparılmalıdır.

F.Hüseynova bildirib ki, bu cür aksiyalar nəinki yay mövsümünün sonunda, həmçinin yayın əvvəli və ortasında da təşkil olunmalıdır: "Yayın əvvəli ona görə ki, Xəzər sahilinə sularla çıxarılan sənaye və məişət tullantılarını mövsümdən öncə təmizlənsin və çimərliklər istirahət üçün hazır olsun. Yayın ortası isə ona görə ki, orada olan insanlar da anidən bu aksiyaya qoşularaq iştirak edə bilsinlər. Bu cür aksiyalarda iştirak edən adamlar daha çimərlikləri və digər əraziləri zibilləmir, ya da tullantıları hara gəldi artmır, müəyyən yerlərdə toplanmış şəkildə buraxıb gedirlər”.

F. Hüseynova onu da əlavə edib ki, payızda keçirilən aksiyalar insanların yaddaşında qalmaya və qış ərzində aksiyanın mənəvi effekti zəifləyə bilər: "Coğrafi nöqteyi nəzərdən Xəzərin yeri elədir ki, bütün digər ölkələrdən və hətta gəmilərdən də gələn tullantılar qasırğalar və küləklər nəticəsində məhz bizim sahillərdə toplanır. Bu səbəbdən yazda da bu cür aksiyaları keçirmək arzuolunandır".

Onu da qeyd edək ki, cari ilin aprel ayında Prezident İlham Əliyev çimərlik turizminin inkişafı üçün tədbirlər planını təsdiq edib. Bu tədbirlər nəticəsində çimərlik sektoruna yeni nəfəs veriləcəyinə böyük ümüdlər bəslənilir.

Xatırladaq ki, sentyabrın 23-də Mərdəkan çimərliyində #Xəzəriqoruyaq şüarı altında “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri, “Təmiz Şəhər” ASC, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və “Let’s Do It Azerbaijan” kütləvi hərəkatının təşkilatçılığı ilə ekoloji aksiya keçiriləcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik ləvazimatları ilə təmin olunacaqlar. Ötən illərdən fərqli olaraq, bu ilki aksiyada geniş ekoloji maarifləndirmə tədbirləri də nəzərdə tutulub. Belə ki, qəzet və xəbər saytlarında, təşkilatçıların “Facebook” səhifələrində, “ASAN Radio” və “Xəzər” televiziyasında əhalini ətraf mühitə məsuliyyət və qayğı ilə yanaşmağa çağıran müxtəlif informasiya materialları yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti