...

ADU-nun rektoru Kamal Abdulla Rumıniya səfiri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 18:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla onun Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində gördüyü işlər barədə məlumatlı olduğunu bildirib və göstərdiyi dəstəyə görə ona təşəkkür edib. K.Abdulla belə bir mərkəzin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyini və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildirib. O, əlavə edib ki, mərkəz üçün ayrılacaq otağın avandanlıqlarla təchiz olunmasını və ora müəllim göndərilməsini ADU öz üzərinə götürəcək: “Həmin universitetdən xahişimiz odur ki, Azərbaycan multikulturalizmi fənni tədris proqramına daxil edilsin”.

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku hal-hazırda Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində ciddi iş getdiyini və praktiki məsələlər üzərində çalışdıqlarını bildirib. O, əlavə edib ki, bununla bağlı Rumıniyanın ən böyük ali təhsil müəssisələrindən biri olan Babeş Universitetinin rektoru ilə danışıqlar aparılıb. Həmçinin məsələ Rumıniyanın ölkəmizdəki keçmiş səfiri Təhsin Cəmillə də müzakirə olunub. Bu təşəbbüsün dəstəkləndiyini deyən D.İanku bildirib ki, hər iki ölkədə mərkəzlərin açılması tələbələrin marağına səbəb olacaq.

Səfir onu da qeyd edib ki, rumıniyalı professorun ölkəmizə gəlişi oktyabr ayına planlaşdırılır. Ona cavab olaraq rektor K.Abdulla Azərbaycan tərəfinin də Rumıniyaya müəllim göndərməsi məsələsinin həmin vaxt üçün həllini tapacağına ümid etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti