...

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 4 Oktyabr 2017 10:28 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə
 olunub

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlu arasında görüş olub.

BƏT-in 10-cu Avropa Regional İclasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən S.Müslümov iclas çərçivəsində J.Seriyeroğlunun sədrliyi ilə “Miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışı” mövzusunda keçirilən əmək nazirlərinin qeyri-rəsmi iclasının, iclasda aktual məsələlərin müzakirə çıxarılmasının əhəmiyyətini də diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün həm Türkiyə, həm də Azərbaycan BƏT prinsiplərinə sadiq qalan, əmək və məşğulluq sahələrində mütərəqqi beynəlxalq yanaşmaları fəal şəkildə bölüşən ölkələrdir. Eyni zamanda, qaçqın və köçkünlərə, miqrantlara münasibətdə, onların problemlərinin həllində, ümumən humanitar böhranların nəticələrinin aradan qaldırılması sahəsində hər iki ölkə nümunəvi təcrübəyə malik olmaları ilə seçilirlər.

S.Müslümov Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli formatda və beynəlxalq təşkilatlar, o cümlədən BƏT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Saziş əlaqələrimizin yüksək səviyyəyə çatmasına imkan verib. Sazişdən irəli gələn istiqamətlər üzrə fəal əməkdaşlıq, qarşılıqlı təcrübə və məlumat mübadilələri həyata keçirilir. Xüsusilə də iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın məqsədyönlü fəaliyyətini qeyd etmək yerinə düşər. Komissiya əlaqələrin mövcud vəziyyətinin təhlil edilməsi ilə yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyən olunmasında önəmli işlər aparır”.

Nazir son illərdə ölkəmizdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılmış avtomatlaşdırılmış sistemləri diqqətə çatdırıb, bu sahədə də qardaş ölkə ilə təcrübə mübadilələrinin aparılmasının önəmli ola biləcəyini bildirib. O, ölkəmizdə əmək bazarının inkişafı, aztəminatlı ailələrin rifah halının dəstəklənməsində sosial yardım mexanizmindən tədricən aktiv əmək bazarı proqramlarına keçidin təmin edilməsi, özünüməşğulluq proqramının icrası sahəsində görülən işlər barədə məlumat verib. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü addımların atılacağını qeyd edən S.Müslümov bu sahədə qarşılıqlı səfərlərin də önəmini diqqətə çatdırıb.

J.Seriyeroğlu ötən dövrdə iki nazirlik arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu və əlaqələrin bundan sonra da inkişaf etməsinə səy göstərəcəyini, əməkdaşlığın hər iki tərəf üçün müvafiq sahələrdə qarşılıqlı faydalar verdiyini bildirib.

Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi qərara alınıb və əmək resurslarının rəqabət qabiliyyətinin artırılması, işçi qüvvəsinin ixtisasartımının təşkili və sertifikatlaşdırılması, peşə standartlarının hazırlanması və tətbiqi, gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti