Bakı. Trend:
Binəqədi rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Trend-in məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayonda fəaliyyət göstərən məktəb və bağçaların müəllim - rəhbər heyəti iştirak ediblər.
Tədbiri aparıcılar 276 saylı məktəbin şagirdləri Aydan və Fidan Novruzlu bacıları açaraq, “Müəllimlər günü” ilə əlaqədar qısa məlumat veriblər.
Daha sonra çıxış edənlər H. Abdulla, H.Əsgərov, M.Cəfərzadə, M.Nağısoylu və A.Zamanov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd ediblər.
Binəqədi RİH başçısı adından müəllimləri təbrik edən A.Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirib. A.Əliyeva vurğulayıb ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
Daha sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam edib və rayonun istedadlı gəncləri öz şeir, mahnı, rəqs nümunələri ilə müəllimləri təbrik ediblər.
Sonda rayonun balaca fidanları müəllimləri çiçəklərlə təbrik ediblər.