Bakı. Trend:
2018-ci ildə Danimarkanın Qundslev şəhəri yaxınlığında yeni həbsxana açılıb.
Trend-in məlumatına görə, xarici KİV-lərin dünyanın ən rahat qazamatı adlandırdığı "Storstrem" həbsxanasında kilsə, bağlar, xüsusi dizayn olunmuş sanitar qovşaqları və digər yerlər var.
Penitensiar müəssisəsinin tikintisi 160 milyon dollara başa gəlib.
Həbsxana 250 yerlikdir. Məhbusların hər birinə təqribən 40 kv.m-lik fərdi kamera ayrılır.
Hər bölmədə televizor, soyuducu, şkaf, böyük pəncərə və hamam var. Məhbuslar üçün idman meydançası da nəzərdə tutulub.
Asudə vaxtlarda məhkumlar gəzə, müxtəlif ustad dərslərində iştirak edə, idmanla məşğul ola, həmçinin rəsm çəkə, ibadət edə bilərlər.
Ərzaq mağazası, kitabxana və ümumi mətbəxi olan həbsxanada cinayətkarlar öz zövqlərinə uyğun yemək də hazırlaya bilərlər.
Ümumilikdə "Storstrem" ilk baxışdan xəstəxana və ya kurorta bənzəyir.