...

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2018 13:20 (UTC +04:00)
20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Energetika Nazirliyində anım mərasimi keçirilib.
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Energetika Nazirliyində anım mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Daha sonra çıxış edən energetika nazirinin müavini Samir Vəliyev 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.

Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi vurğulanaraq qeyd edilib ki, olduqca mürəkkəb bir vəziyyətdə Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz ulu öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində lazımi addımlar atılır. Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti