...

Bilik Fondu Mingəçevirdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2018 21:21 (UTC +04:00)
Bilik Fondu Mingəçevirdə ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüş keçirib.
Bilik Fondu Mingəçevirdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yerli təşkilatının inzibati binasında prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin hüquqi maarifləndirilməsinə həsr olunan tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tədbiri giriş sözü ilə açaraq, ölkədə gənclər siyasəti ilə bağlı görülən işlərdən, qazanılmış uğurlardan danışıb, bu fəaliyyətin davamı olaraq ilk dəfə səs verəcək 2800 nəfər Mingəçevir gəncinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər görüldüyünü bildirib.

Tədbirdə "Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz” mövzusunda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, Bilik Fondunun Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin sədri Əli Hüseynli Azərbaycanın müstəqilliyi yenidən bərpa edildikdən sonra ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlardan söz açaraq, seçki qanunvericiliyinin ayrı-ayrı maddələrini geniş təhlil edib. Ə.Hüseynli ilk dəfə səs verəcək gənclərin Azərbaycan Konstitusiyasında əksini tapan hansı hüquq və azadlıqlara malik olduqlarını diqqətə çatdıraraq, müasir nəslin nümayəndələrinin seçkilərdə iştirakının həm də mənəvi borc olduğunu xüsusilə vurğulayıb.

Gənclərin maarifləndirilməsi istiqamətində Bilik Fondunun həyata keçirdiyi layihələri xatırladan millət vəkili, Fondun Koordinasiya Şurasının bu sahədəki fəaliyyətinin əhəmiyyətini qeyd edib.

İnteraktiv şəkildə keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, seçki prosesinin mərhələləri barədə təcrübi materiallar nümayiş olunub.

Bilik Fondu aprelin 11-də Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar MSK və yerli icra hakimiyyətləri ilə birgə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi işini davam etdirir. Bununla bağlı, mütəxəssislər paytaxtda və bölgələrdə gənclərlə görüşür, onlara seçki proseduru, xüsusən, səsvermənin qaydalarını izah edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti