...

Kollektiv müqavilə və sazişlərin bağlanması mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2018 20:47 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərindəki “Azərkimya” İstehsalat Birliyində “Kollektiv müqavilə və sazişlərin bağlanması” mövzusunda seminar-müşavirə keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, onun 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin və Sumqayıt şəhəri üzrə 20-dək işəgötürənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədini daşıyıb.

Tədbirdə Xidmətin rəsi müavini Anar Quliyev əmək münasibətlərinin tənzimlənməsinin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edən kollektiv müqavilə və sazişlərin bağlanmasının ümumi qaydaları barədə işəgötürənlərin geniş maarifləndirilməsinin onlar üçün önəmli olduğunu bildirib. “Azərkimya” İB-nin icraçı direktorunun müavini Vüqar Kərimov işəgötürənlər arasında təşkil olunan belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Şahin Hacıyev kollektiv müqavilə və sazişlərin bağlanmasının ümumi qaydaları barədə məlumat verib. Bildirilib ki, yazılı formada bağlanan kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqı təşkilatı, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda isə, ikinci tərəfi əmək kollektividir. Bu, işəgötürənlə işçilər arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi aktdır və kollektiv müqaviləni pozmağa görə müəssisənin vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilirlər.

Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları, onun məzmunu və qüvvədə olma müddəti, həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi, yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq qayda və prinsiplər diqqətə çatdırılıb. Eyni zamanda, kollektiv saziş (müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək və sosial müdafiə hüquqlarının təmin olunması üzrə tədbirlərin təşkilində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma), onun hazırlanması və baglanması qaydaları və s. barədə məlumat verilib. Qeyd olunan sənədlərin bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparılması ilə bağlı qanunvericiliyin prinsipləri də qeyd olunub.

İştirakçıların suallarının cavablandırılması ilə davam edən tədbirdə “Azərkimya” İB-nin kadr şöbəsinin böyük müfəttişi Reyhan Cəbiyeva, Sumqayıt şəhər Səhiyyə şöbəsinin Həmkarlar Təşkilatının sədri Elmira Quliyeva, “Azərtexnolayn” MMC-nin insan resursları şöbəsinin müdiri Həbib Vəliyev və başqaları çıxış edərək, müəssisələrində kollektiv müqavilənin bağlanması ilə bağlı mövcud təcrübə, ümumən əmək qanunvericiliyinin tətbiqi sahəsində görülən işlərlə bağlı fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti