...

Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlılarla bağlı kitab nəşr edilib

Cəmiyyət Materials 23 Aprel 2018 11:29 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ehtiyatda olan polkovnik-leytenant Elmir Şaripovun rus dilində yazdığı "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" ("Азербайджанцы в обороне Брест-Литовской крепости") kitabını nəşr etdirib.
Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlılarla bağlı kitab nəşr edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ehtiyatda olan polkovnik-leytenant Elmir Şaripovun rus dilində yazdığı "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" ("Азербайджанцы в обороне Брест-Литовской крепости") kitabını nəşr etdirib.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kitab 1941-ci ilin iyun ayında keçmiş SSRİ-dən olan 30-dan çox xalqın nümayəndələri ilə birlikdə Brest-Litovsk qalasının müdafiəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlıların mərdlik, qəhrəmanlıq və şücaətinə həsr edilib. Kitab döyüşlərdə iştirak edənlərin xatirələri, bu mövzuda yazılmış əsərlər, qəzet və internet materialları, azərbaycanlı döyüşçülərin yaxınları və qohumlarından əldə edilmiş məktublar əsasında yazılıb. Aparılmış araşdırmalar və toplanmış faktlar əsasında müəllif bu döyüşlərdə iştirak etmiş 80-dən çox azərbaycanlının, xüsusilə də 84-cü alayın döyüşçüləri və komandirlərinin adlarını müəyyən edib, onların döyüş yolu və sonrakı taleyi barədə məlumat verib. Qeyd edək ki, uzun müddət sovet dövründə Brest qalasının müdafiəsində düşmənə qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlıların roluna dair heç bir məlumat verilməyib. Hətta sovet dövründə bu mövzuda çoxsaylı kitablar, tədqiqat əsərləri yazılsa da, bədii və sənədli filmlər çəkilsə də, bunların heç birində azərbaycanlıların adları və qəhrəmanlıqları qeyd olunmayıb. "Qəhrəman Brest qalası" Muzey Kompleksinin pillətələri üzərində isə yalnız bir azərbaycanlının adı qeyd olunub - Haqverdiyev Xəlil Həmzə oğlu.

Məlumat üçün onu da bildirək ki, Ulu öndər Heydər Əliyev 1978-ci il dekabrın 27-də Belarus SSR-nin və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində olmuş və xatirə kitabına ürək sözlərini yazmışdır. O, burada Brest qalasının müdafiəsində azərbaycanlıların qəhrəmanlıqlarına da toxunmuşdur. Prezident İlham Əliyev də 2015-ci ildə Belarusa səfəri zamanı həmin muzeydə olmuş, Böyük Vətən Müharibəsi illərinin hərb tarixinə aid eksponatlarla tanış olmuşdur. Muzeydə faşizm üzərində ümumi qələbənin qazanılmasında, Belarusun faşist işğalçılarından azad olunmasında və Brest qalasının müdafiəsində Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar da nümayiş etdirilir. Muzeydəki “Qələbə” zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə xidmət edən kitabın elmi məsləhətçisi Silahlı Qüvvələrin Hərbi Akademiyasının (SQHA) Adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, rəyçiləri SQHA-nın Adyunktura və elm şöbəsinin dosenti, ehtiyatda olan polkovnik, tarix üzrə elmlər doktoru Mehman Süleymanov və Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti