...

Azad Rəhimov Dünya Autizm Festivalına qatılan uşaqlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 3 May 2018 16:23 (UTC +04:00)

Bakı. Trend:

Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya Autizm Festivalına (ANCA) qatılan 15 nəfərlik xor və ritm kollektivinin üzvlərini və onların valideynlərini qəbul edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, gəncləri uğurlu iştirakları münasibəti ilə təbrik edən A.Rəhimov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən “2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramı” çoxşaxəlidir.

Məhz dövlət proqramında sosial layihələrin həyata keçirilməsi bölümünün mövcudluğu daim bu səpkili layihələrə dəstəyin göstərilməsinə böyük təkan vermiş olur. Nazir, eyni zamanda diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında Bakıda keçiriləcək Dünya Xüsusi Olimpiya hərəkatı Forumunun baş tutması cəmiyyətin əqli imkanları məhdud olan gənclərə daha çox diqqət ayırmasına, bununla yanaşı, dünyada bu istiqamətdə həyata keçirilən yeni istiqamətlərin öyrənilməsinə şərait yaradacaq. Nazir görüş iştirakçılarını da Bakıda keçiriləcək beynəlxalq tədbirdə aktiv şəkildə iştiraka dəvət edib.

“Birgə və Sağlam İctimai Birliyinin” autistlərdən ibarət 15 nəfərlik xor və ritm kollektivi 23-27 aprel 2018-ci il tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyənin Alanya şəhərində təşkil olunmuş 2-ci Dünya Autizm Festivalına (ANCA) qatılıblar.

Kanadanın ANCA fondu və Türkiyənin OTİSİUM təşkilatı tərəfindən təşkil olunan Festivalda dünyanın 12 müxtəlif ölkəsindən nümayəndələr iştirak ediblər. Festivalda müxtəlif ölkələrin nümayəndələri autizm sahəsində ölkələrində görülən işlər və fəaliyyət proqramını təqdim ediblər.

Bundan başqa müxtəlif seminarlar, musiqi, rəsm, bir sıra idman yarışları da festival çərçivəsində həyata keçirilib.

Xor və ritm qrupu 2 gün ərzində müxtəlif milli musiqiləri tamaşaçılara təqdim edib, eyni zamanda, fərdi qaydada öz qabiliyyətlərini nümayiş etdiriblər.

Festival zamanı Azərbaycan üçün ayrılmış tanıtım ölkəmiz haqqında geniş məlumatlar verilmiş və uşaqların ailələri tərəfindən hazırlanan müxtəlif şirniyyatlar müxtəlif ölkə nümayəndələrinə təqdim olunub.

Festivalın 3-cü günündə təmsilçilər uzun məsafəyə qaçış marafonunda və velosiped yarışlarında iştirak ediblər.

Bütün fəaliyyətlərə görə “Birgə və Sağlam İctimai Birliyinin” kollektivi Festivalın Fəxri fərmanı və medallarla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti